Çempion baş məşqçi ilə yeni müqavilə
Türkiyənin “Trabzonspor” klubu baş məşqçisi Abdulla Avcı ilə müqavilənin müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tərəflər 3 illik yeni sözləşməyə imza atıblar. Onun əvvəlki müqaviləsinin müddəti 2022/23 mövsümünün sonunda bitəcəkdi.
Avcı 2020-ci ilin noyabr ayından “Trabzonspor”a rəhbərlik edir. O, bu komandanı bütövlükdə 90 matça çıxarıb, 50 qələbə qazandırıb. 28 matçda heç-heçə edən trabzonlular, 12 oyunda da məğlubiyyətə üzülüb. 59 yaşlı mütəxəssis ötən mövsüm Trabzon klubuna 38 illik fasilədən sonra Türkiyə çempionluğu yaşadıb. Sözügedən klub bu məşqçinin rəhbərliyi altında iki dəfə Türkiyə superkubokunun da qalibi olub.
“Trabzonspor”da 4 futbolçunun da müqaviləsi yenilənib. Hücumçu Djanini Semedo 2 illik yeni müqavilə bağlayıb. Əvvəlki müqaviləsinin müddəti 2022/23 mövsümünün sonuna qədər olan 31 yaşlı forvard yeni sözləşməyə əsasən, 2025-ci ilə qədər Trabzon klubunda qalacaq. O, 2020-ci ilin oktyabrından Türkiyə klubunun uğurları üçün çalışır. Kabo Verde yığmasının da üzvü olan Djanini, daha öncə “Əl-Əhli”, “Santos Laquna”, “Nasyonal” (Madeyra), “Olhanense”, “Benfika” və “Unian Leyriya” klublarında forma geyinib.
Trabzon təmsilçisində müqaviləsi yenilənən digər üç oyunçu isə qapıçılar – Uğurcan Çakır, Məhəmməd Taha Təpə və Kağan Moradaoğludur. Yeni müqaviləyə əsasən, Uğurcan Çakırla Taha Təpə 2027-ci ilə qədər bu klubun formasını geyinməyə davam edəcək. Kağan Moradaoğlu isə ən azı 2025-ci ilə qədər sözügedən komandanın uğurları üçün çalışacaq.
Bizi Facebook-da izləyin