“Çelsi”nin sahibi seksual təcavüzdə ittiham olunur

İsveçrəli biznesmen və “Çelsi” futbol klubunun şərikli sahibi Hansyorq Viss seksual təcavüzdə ittiham edilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniyada yerləşən, 89 yaşlı Vissə məxsus şərab zavodunun keçmiş əməkdaşı Medisson Basbi iş yerində xoşagəlməz davranışa məruz qaldığını iddia edərək, ona qarşı məhkəmə iddiası qaldırıb.

30 yaşlı Basbinin məhkəməyə təqdim etdiyi iddiada bildirilir ki, 2019-cu ilin sentyabrında Paso-Robles şəhərində yerləşən “Halter Ranç” şərab zavoduna edilən səfər zamanı Viss ona qarşı qeyri-etik davranışlar sərgiləyib. Sənədlərə əsasən, Viss qəsdən Basbinin arxasına əl ataraq onu sığallayıb.

İddiada həmçinin bildirilir ki, Hansyorq Viss Basbinin hazırkı həyat yoldaşı, eyni zamanda keçmiş “Halter Ranç” meneceri olan Brays Mallinzdən onun arvadına aid “seksual xarakterli” fotolar varsa, onları paylaşmasını istəyib.

Basbinin təqdim etdiyi sənədlərdə qeyd olunur ki, 2020-ci ilin aprelində zavoda növbəti səfəri zamanı Viss ona bir neçə dəfə açıq şəkildə seksual təkliflər verib, həmçinin, Basbi və Mallinzin qarşısında öz cinsi münasibətləri ilə bağlı açıq və ətraflı hekayələr danışıb.

Hansyorq Viss, rusiyalı milyarder Roman Abramoviçə qarşı tətbiq olunan sanksiyalar səbəbilə “Çelsi” klubunu satmağa məcbur olduqdan sonra onu satın alan investorlar konsorsiumunun üzvü olub. O, eyni zamanda, tibbi cihazlar istehsal edən və 2012-ci ildə “Johnson&Johnson” şirkətinə 20,2 milyard dollara satdığı şirkətin qurucusudur.

“Forbes” jurnalının məlumatına görə, Vissin hazırkı sərvəti 4,8 milyard dollar təşkil edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button