“Çelsi”nin hücumçusu rəsmən “Beşiktaş”da!
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin “Çelsi” klubunun hücumçusu Mişi Batşuayini heyətinə cəlb edib.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu London klubundan 1 illik icarəyə götürülüb.
Belçika yığmasının da üzvü olan hücumçu 2016-cı ildən “Çelsi”də çıxış edir. Londonlular onu daha öncə “Borussiya” (Dortmund), “Valensiya” və “Kristal Pelas” klublarına da icarəyə vermişdi. Mişi, Belçika yığmasında meydana çıxdığı 35 matçda 22 qolla yadda qalıb.
“Beşiktaş” öz oyunçularından Adem Lyayiçlə də bağlı gözlənilməz qərar qəbul edib. Belə ki, məşqçilər korpusunun qərarına əsasən, serbiyalı yarımmüdafiəçi əsas komandadan kənarlaşdırılıb. Buna onun hələ ötən mövsümdə də rast gəlinən intizamsız davranışları səbəb göstərilib. Bundan sonra fərdi şəkildə məşq edəcək 29 yaşlı futbolçuya özünə yeni klub tapmaq tapşırılıb.
Lyayiç “Beşiktaş”a 2018-ci ildə “Torino”dan icarə əsasında gəlmişdi. İstanbul klubu 2019-cu ildə 6.5 milyon avro ödəyərək serbiyalı oyunçunu birdəfəlik transfer etmişdi. Klubla daha bir il müqaviləsi qalan yarımmüdafiəçinin illik məvacibi 3.2 milyon avrodur.
Bizi Facebook-da izləyin