“Çelsi”nin futbolçuları qorxu içində
“Çelsi”nin bəzi futbolçuları kluba qoyulan qadağalara görə komandanı tərk etmək istəyirlər.
Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Bəzi futbolçular İngiltərə hökumətinin rusiyalı iş adamı, klubun sahibi Roman Abramoviçə tətbiq etdiyi sanksiyalar səbəbindən “Çelsi”nin bank hesabının bloklanmasına, transfer qadağası ilə üzləşməsinə və bilet satışı edə bilməməsinə görə narahatdır. Onlar klubun maliyyə vəziyyətinin pisləşəcəyini düşünürlər.
Xəbərdə bildirilir ki, adı açıqlanmayan futbolçuların menecerləri müqavilələrinə xitam verilməsi imkanlarını müzakirə etmək üçün vəkillərlə əlaqə saxlayıblar. Klub maaşları gecikdirməyə başlayarsa, futbolçular tərəfindən müqavilənin pozulması variantı nəzərdən keçiriləcək.
Böyük Britaniya hökuməti martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. “Zadəganlar” futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Amma kluba oyunlara bilet satmaq, transfer etmək və futbolçularla müqavilələri yeniləmək qadağan edilib.
Bizi Facebook-da izləyin