“Çelsi”də iki ayrılıq
İngiltərənin “Çelsi” klubu yarımmüdafiəçisi Ross Barkli ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 28 yaşlı futbolçu azad agent statusu alıb. Onun karyerasını harada davam etdirəcəyi bilinmir.
Ross Barkli İngiltərənin “Everton” klubunun yetirməsidir. O, 2018-ci ilin yanvarında məhz bu klubdan 16.8 milyon avro qarşılığında “Çelsi”yə transfer olunmuşdu. İngilis futbolçu “zadəganlar”ın heyətində keçirdiyi 5 mövsüm ərzində 100 oyuna çıxıb, 12 qol vurub. Hücumameyilli yarımmüdafiəçi “Everton”da olduğu dönəmdə “Şeffild Uensdey” və “Lids” klublarına, “Çelsi”də olarkən isə “Aston Villa”ya icarəyə verilib. Barkli İngiltərə yığmasında da 33 oyuna çıxıb, 6 qol vurub.
“Çelsi” digər yarımmüdafiəçisi Kallum Hadson-Odoini də Almaniyanın “Bayer” klubuna icarəyə verib. 21 yaşlı vingerin mövsümün sonuna kimi Bundesliqa təmsilçisində forma geyinəcəyi diqqətə çatdırılıb. Lakin London klubu ehtiyac duyacağı təqdirdə oyunçusunu qış fasiləsində geri qaytarmaq hüququ var.
Kallum Hadson-Odoi “Çelsi”nin öz yetirməsidir. İngiltərə millisinin üzvü “zadəganlar”ın heyətində meydana çıxdığı 126 oyunda 16 qola imza atıb. O, İngiltərə yığmasında da 3 oyuna çıxıb.
Yeri gəlmişkən, “Bayer” kapitanı Lukaş Hradeçki ilə yeni müqavilə bağlayıb. 32 yaşlı qolkiper müddəti 2026-cı ilin 30 iyununa qədər olan yeni sözləşmə imzalayıb. Onun klubla əvvəlki sözləşməsi 2023-cü ilin yayına kimi idi.
Lukaş Hradeçki 2018-ci ildən “Bayer”in uğurları üçün çalışır. Finlandiyalı qapıçı indiyə qədər bu komandanın heyətində 172 oyuna çıxıb. O, daha öncə TPS, AİFK, “Esbyerq”, “Brondbü” və “Ayntraxt” (Frankfurt) klublarının da formasını geyinib. Təcrübəli qolkiper Finlandiya yığmasında da 78 oyuna çıxıb.
Bizi Facebook-da izləyin