“Çelsi” onu 10 milyon avroya satdı
İngiltərənin “Çelsi” klubu üç futbolçusu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, London təmsilçisi Billi Gilmor, Xavyer Mbuyamba və Kenedi ilə vidalaşıb.
Billi Gilmor “Brayton”a transfer olunub. London klubu bu transferdən 10.4 milyon avro qazanıb. 21 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. Şotlandiyalı yarımmüdafiəçi “Çelsi”nin öz yetirməsidir. O, ötən mövsümü icarə əsasında “Norviç Siti”də keçirmişdi. Şotlandiya yığmasında 15 oyun keçirmiş gənc futbolçu, London klubunun əsas komandasında 22 oyuna çıxıb.
Kenedi “Çelsi”ni İspaniyanın “Valyadolid” klubuna dəyişib. Yarımmüdafiəçi yeni klubu ilə 5 illik müqavilə bağlayıb. Onun transferi üçün La Liqa klubunun nə qədər ödədiyi açıqlanmır. Braziliyadan olan vinger İngiltərə təmsilçisinə 2015-ci ildə “Fluminense”dən 8 milyon avro qarşılığında keçmişdi. Londonluların heyətində cəmi 30 oyun keçirib, 3 qol vuran yarımmüdafiəçi, “Uotford”, “Xetafe”, “Qranada” və “Flamenqo”da icarədə olub.
Müdafiəçi Xavyer Mbuyamba isə Niderlandın “Volendam” klubuna satılıb. “Zadəganlar”ın bu transferdən də nə qədər qazandığı bəlli deyil. Niderlandlı futbolçu yeni klubu ilə 3+1 illik müqaviləyə imza atıb. 20 yaşlı mərkəz müdafiəçisi “Çelsi”dən öncə “Barselona” və “Maastrixt”in gənclərdən ibarət komandalarında oynayıb.
“Çelsi” 5 oyunçusunu da icarəyə verib. Etan Ampadu İtaliyanın “Spetsiya” klubuna, Dujon Sterlinq “Stok Siti”yə, Co Hey “Derbi Kaunti”yə, Xavyer Simonsla Harvi Veyl isə “Hall Siti”yə icarəyə göndərilib. Onların hamısı 2022/23 mövsümünün sonuna kimi icarədə olacaqlar.
Bizi Facebook-da izləyin