“Cavab oyununda yalnız qələbəni düşünəcəyik” – Mutu

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Beşiktaş”la qarşılaşmasından sonra (1:3) mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, o, qarşılaşma ilə bağlı bunları deyib:

“Çətin oyun oldu. Güclü rəqibə qarşı oynayırdıq. Sona qədər görüşdən qopmaq istəmirdik. Birinci hissə onlar daha yaxşı çıxış etdilər. Fasilədən sonra biz daha yaxşı idik. Çoxlu qol epizodları yaratdıq. Bir az bəxtimiz gətirsəydi, 2-ci qolu da vura bilərdik. Buraxdığımız 3-cü qol isə rəqibə hədiyyə oldu. Həmin qol Koffinin səhvindən sonra oldu.

Start heyətdə yanıldığımı deməzdim. Olanare komandaya yeni qoşulub, Koffi zədədən yeni qayıdıb. Çox təəssüf ki, Eddi İsrafilov və Ömər Buludov zədəli idi. Əlimizdə olan futbolçulardan istifadə etməyə çalışdım. Belə rəqiblərə qarşı matçlarda çox qaçmalı olursan ki, oyundan qopmayasan. Məqsədim yeni gələnləri oynatmaq, fiziki durumlarını artırmaq idi. Ən yaxşı məşqi elə oyun zamanı etmək olur. Qorxurdum ki, bəzi futbolçular çox oynayaraq zədə ala bilərlər.

Səfər oyununa bir həftə var, indidən nəsə demək çətindir. Yeni komanda qururuq. Çalışırıq ki, transfer etdiyimiz futbolçuların fiziki durumunu inkişaf etdirək. Növbəti oyunlardakı seçimlərdə diqqətli olmalıyıq. Üç gündən bir oynamaq asan deyil. Futbolçunun fiziki durumu 100 faiz olmasa, zədələr qaçılmaz olur. İstanbuldakı oyunda yalnız qələbəni düşünəcəyik.

Birinci hissə olduqca emosiya dolu keçdi. Rəqibin azarkeşlərinin yox, öz fanatlarımızın səslərini eşidirdim. Fasilədən sonra futbolçularımın oyunundan çox xoşum gəldi. Onlar təslim olmurdular.

Əlbəttə, rəqib bütün hücumları sol cinahdan qururduq. İkinci hissə Kenni Sayef daha yaxşı çıxış etdi. Məcburən Emin Mahmudovu daha arxaya çəkməli olduq. Fərid Yusifli də 1-ci hissə heç də pis oynamadı. Emosiyalar onu bürümüşdü. Olanareni meydançaya buraxmaqla risk etdim. Həmişə qələbə qazanmaq istəyirik. Qarşıdakı oyunları düşünməliyik. Çempionat oyunlarını mütləq nəzərə almalıyıq. Qarşımıza qoyulan məqsədlərin sayı çoxdur.

Üçüncü qol haqda danışmağa dəyməz. Hamı gördü ki, səhvə yol verdik. Oyunçuların səhvsiz çıxış edəcəyini öncədən deyə bilməzdim. Çünki rəqibimiz çox güclü idi. Bəzi məqamları qəbullanmaq lazımdır. Bu gecə buraxdığımız qolları analiz edəcəyəm. Rəqib boşluqları taparaq qollar vururdu”.

Xatırladaq ki, cavab qarşılaşması avqustun 17-də İstanbulda baş tutacaq.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button