“Çatışmazlıqlar çoxdur” – Samir Abasov
“Neftçi”nin baş məşqçisi Samir Abasov Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirib.
Komanda.az xəbər verir ki, o, bu gün Polşanın “Qurnik” (Lençna) komandasına qarşı keçirdikləri sonuncu yoxlama oyunundan (1:0) sonra klub telekanalına açıqlamasında bunları söyləyib:
“Təlim-məşq toplanışının müsbət və mənfi tərəfləri oldu. Hazırlıq prosesindən razı qaldım. Uşaqların işləməsi, meydandakı hərəkətləri bizi qane etdi. Kənardan bəziləri üçün görünməsə də, komandamızda inkişaf var. Bu gün sistemi dəyişib ona uyğunlaşmaq asan deyil. Təcrübəli futbolçularımız çox olsa da, hər sistemin öz tələbi var. Bu gün Azər Salahlını orta xəttə çəkməkdə fikrim onu orada yoxlamaq deyildi. Voyislav Stankoviçə istirahət vermək istəyirdik. Eddi İsrafilovun komandaya daha yaxşı adaptasiya olması üçün ona hər 3 görüşdə şans verdim”.
Abasovun sözlərinə görə, təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurmaq yaxşı haldır: “Futbolçular da buna görə sevinclidir. Amma indi bu amilə çox da fikir vermirik. Oyunçuların hamısı hazır deyil. Məsələn, Tyaqo Bezerra, Ramon Maçado və Sezar Meza Kolli komanda ilə az məşq edib. Ümumi götürsək, fiziki durumumuz yaxşıdır”.
Baş məşqçi toplanışda iştirak edən gənc futbolçular haqqında çox danışmaq istəmədiyini söyləyib: “Meydanda özlərini aparmalarından razı qaldım. Çox sərbəst və rahat idilər. Düzdür, təcrübəlilərin də onlara köməyi dəydi. Bu, böyük üstünlükdür. Amma çatışmazlıqları da çoxdur”.
Abasov baxışda olan panamalı hücumçu Ansoni Alexandro Frias Qonsaleslə bağlı qərarı klub rəhbərliyinin verəcəyini vurğulayıb: “Bunlar layihə oyunçuları hesab olunurlar. Onun haqqında çox danışa bilmərəm, çünki qərarı rəhbərlik verəcək. Toplanışın ən yaxşı tərəfi odur ki, bu cür futbolçular bir-birinə tez uyğunlaşırlar. İnanırıq ki, yaxşı olacaq və Bakıya da bu ümidlə qayıdırıq”.
Təcrübəli mütəxəssis mövsümün ikinci yarısında çempionluq uğrunda sonadək mübarizə aparacaqlarını istisna etməyib: “Hər zaman düzünü deməyə çalışmışam. “Qarabağ” kimi komanda ilə aramızdakı 11 xal çox böyük fərqdir. Amma heç vaxt əlimizi yanımıza salmayacağıq. Son oyunadək vuruşacağıq”.
Bizi Facebook-da izləyin