
“Can, ay Qurban…”
“Qarabağ” dünən Çempionlar Liqasının pley-offunun cavab oyununda “Ferentsvaroş”a uduzsa da (2:3), mərhələni keçdi və tarixində ikinci dəfə qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində iştirak edəcək.
“Köhlən atlar”ın Macarıstan komandası ilə oyunundan sonra sosial şəbəkədə müxtəlif maraqlı fikirlər səsləndirildi, paylaşımlar edildi.
Komanda.az əksəriyyəti jurnalistlər olan şəxslərdən bəzilərinin fikirlərini təqdim edir:
Tural Xudiyev
“Bu, artıq başqa “Qarabağ”dır! Xüsusi işarələrsiz… Gözlə, Avropa, artıq biz buradayıq!!!”
Natiq Muxtarlı
“Üç gündən sonra, avqustun 31-də “Qarabağ” Şamaxıya gedir. Yox, “Şamaxı” ilə oynamayacaq. Şamaxıda Yevlaxın “Karvan”ı ilə qarşılaşacaq. Yevlaxda stadion bərbaddır. Qonşu rayonlarda isə stadion adına nəsə yoxdur. Ona görə də “Karvan” ev oyunlarını Şamaxıda keçirir. Şamaxıdakı stadion da elə stadion olmayan yerdə stadiondur ha. Süni örtüklü zəhərdir. Bu istidə orada nəfəs almaq da olmur. Əslində stadion yox, bəladır, futbolçuların zədələnməsi üçün münbit vasitədir.
İndi SSRİ-dən qalma “alabaş” avtobusları yığasan “Şamaxinka”ya, sosial şəbəkə qəhrəmanlarını, “Qarabağ”dan ÇL-i qazanmağı tələb edənləri basasan o avtobuslara, aparasan Şamaxıya. Deyəsən ki, hə, oturun futbola baxın. Bir azdan da soruşasan ki, bu ölkənin, bu çempionatın komandası ÇL-də oynamalıdır, ya yox? İnanın mənə, üz-gözlərindən tər axa-axa, nəfəsləri darala-darala xorla deyəcəklər: “Yox, oynamamalıdır”.
Gedin Şamaxıya. Orada Yevlaxın komandası ev oyununda “Qarabağ”ı qəbul edəcək. Gedin və reallığın necə olduğunu görün”.
Əfqan Qafarlı
“Qarabağ” təkcə futbol oynamır, həm də Azərbaycanı dünyaya tanıdır, bizi sevindirir, ruh verir. Qurban Qurbanovun komandası layiq olduğu yerə yüksəldi. Eşq olsun, halal osun!!!”
Vəsilə Yusuflu
“Seyid cəddinə arxayın olan kimi, “Qarabağ” da arxayınlıqdan qol buraxır”.
Adil Mirzəzadə
“Qarabağ”ın uğurları heç vaxt təsadüf olmayıb. Hər sahədə düzgün iş gedəndə, qıraqdan müdaxilə olmayanda həmişə yaxşı nəticədə olacaq. Möhtəşəmsən “Qarabağ”
Saleh Arslan
“Bir tərəfdən “Real”ı, “Barselona”nı, “Arsenal”ı, PSV-ni, “Ayaks”ı düşünürsən, sonra “rezki” yadına düşür ki, içinə azzarım, 3 gündən sonra Yevlax “Karvan”ı ilə Şamaxıda(!) oyunum var. Can, ay Qurban…
Tarix budur(mu) e, “student” qədeş(?)”
Xanoğlan İmanov
“Sağ əliniz, yox, çox oldu. Çeçələ barmağınız digər klublarımızın başına!”
Anar Şabanoğlu
“Hamı tərif yazır. Əla. Hisslərimizi bir az cilovlayaq.
İlk oyundan sonra yazmışdım.
İndi Liqa mərhələsinin püşkünü gözləmədən deyə bilərəm ki, “Qarabağ”a bu heyətlə “Ferentsvaroş”la Bakıdakı oyundan qat-qat çətin olacaq…
Dünyanın N1 klub turnirində layiqli mübarizə aparmaq üçün komandamız təcili keyfiyyətli legionerlər almalıdır. Çünki o səviyyədə yerli futbolçularımız yoxdur”.
Emin Səfərov
“O vaxt, 93-cü ildə futbolçular yığışıb Milli Qəhrəman Fred Asifin yanına getmişdi ki, orduya qoşulsunlar, döyüşsünlər. Fred Asif isə dedi ki, siz cəbhədə yox, futbol meydanında döyüşün bizim üçün.
Və o döyüşən komanda, “Qarabağ” bu gün növbəti bir tarix yazdı! Başdan-başa vətənsən, “Qarabağ”.
Bizi Facebook-da izləyin



