“Çalışacağıq ki, hər iki “cəbhə”də yaxşı nəticələr qazanaq” – Müsahibə
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib və toplantıda futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi məsələsinə aydınlıq gətirilib. Komandanı qarşıdakı bir il ərzində Vitali Borisov çalışdıracaq.
Komanda.az xəbər verir ki, bir müddət əvvəl “Araz-Naxçıvan” komandasına da təyinatı rəsmiləşən Borisov millinin baş məşqçisi kimi Azərbaycan Futzal Federasiyasının saytına müsahibə verib:
- Növbəti təyinatınız münasibəti ilə təbrik edirik. Ardıcıl ikinci təyinat nə dərəcədə gözlənilən oldu?
- Təbrikə görə təşəkkür edirəm. Həqiqətən də, gözlənilməz oldu. Əlbəttə, milli komandada həm oynamaq, həm də işləmək fəxrdir. Hər bir idmançının arzusudur ki, təmsil etdiyi idman növündə öz ölkəsinin adını ucaltsın. Biz də bu fürsəti düzgün dəyərləndirməyə çalışacağıq.
- Həm millinin, həm də “Araz-Naxçıvan”ın baş məşqçisi kimi iki cəbhədə çalışmaq çətin olmayacaq?
- Razıyam, hər iki istiqamətdə çalışmaq çətindir. “Araz-Naxçıvan” tək daxili çempionatda deyil, Çempionlar Liqasında da uğur qazanmaq üçün mübarizə aparacaq. Digər tərəfdən, bu klub millinin də bazası hesab olunur. Deməli, yığma ilə bağlı işimizin bir hissəsini klubda görəcəyik. Millinin də tapşırığı var. Çalışacağıq ki, hər iki “cəbhə”də yaxşı nəticələr qazanaq.
- Milli komandada köməkçi məşqçilər kimlər olacaq?
- “Araz-Naxçıvan”dakı heyətlə birgə çalışacağıq. Serb mütəxəssislər – Predraq Rayiç və Zoran Rakiçeviç köməkçilərim olacaq. Zoran qapıçılarla işləyəcək.
- Artıq millinin elit-raunddakı rəqibləri müəyyənləşib. A qrupu haqda düşüncələrinizi bilmək istərdik…
- Bu mərhələdə zəif rəqib olmur. Elit-raunda qədər iki mərhələ keçirilib və güclülər son raunda qalıb. Niderland və Rumıniya yığmaları reytinq cədvəlində bizdən aşağı pillələrdə yer alsalar da, döyüşkən kollektivdirlər. Qazaxıstan millisinin isə xüsusi təqdimata ehtiyacı yoxdur. Bu komanda son iki dünyü çempionatının final mərhələsində iştirak edib. Onlar dünyanın ən güclülərindən biridirlər.
- Artıq təqvim də müəyyənləşib. Səfərdə başlayıb, rəqib meydanında da yekunlaşdıracağıq. Bunun planlarınıza hansısa şəkildə təsiri olacaqmı?
- Harada başlayıb, harada bitirmək böyük rol oynamır. Əsas məqam komandanın hazır olması, futzalçıların zədə və ya hansısa səbəbdən komandaya kömək edə bilməməsidir.
- Şansları necə qiymətləndirirsiniz?
- Hazırkı məqamda komandaların hamısının şansı bərabərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin