
Çalhanoğlundan sərt cavab: “Hörmət birtərəfli olmamalıdır!”
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu komanda yoldaşı Lautaro Martinesin açıqlamasından sonra sosial şəbəkə hesabında fikirlərini bölüşüb.
“İnter” Klublararası dünya çempionatının 1/8 final mərhələsində “Fluminense”yə 0:2 hesabı ilə uduzduqdan sonra komandanın kapitanı Martines açıqlamasında bunu demişdi:
“Mesaj sadədir: qalmaq istəyənlər qalsın, istəməyənlər getsin”.
Milan klubunun prezidenti Beppe Marotta isə bu sözlərin Çalhanoğluna ünvanlandığını ehtimal etdiyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türk futbolçu bu iddialara belə cavab verib:
“UEFA Çempionlar Liqasının finalında zədələndikdən sonra biz qərara gəldik ki, komandamızla birlikdə ABŞ-a gedim. Mənim üçün orada olub komanda yoldaşlarıma dəstək vermək çox vacib idi, baxmayaraq ki, oynaya bilmirdim.
Təəssüf ki, ABŞ-da məşqlər zamanı tamamilə fərqli nahiyədən yeni bir zədə aldım – əzələ qopması. Bu səbəbdən turnir zamanı meydana çıxa bilmədim. Başqa heç bir səbəb yoxdur.
Son məğlubiyyət hamımız kimi məni də çox üzdü. Həm oyunçu, həm də komandaya biganə olmayan bir insan kimi. Matçdan sonra dərhal telefonumu götürüb bir neçə komanda yoldaşımla danışdım, çünki komandaya dəyər verən insan belə davranar. Amma daha da təəccübləndirən sonrakı sözlər oldu. Yaralayan sözlər. Birləşdirən yox, ayıran sözlər.
Karyeram boyunca heç vaxt bəhanə axtarmamışam, həmişə məsuliyyəti öz üzərimə götürmüşəm. Ağrıya baxmayaraq oynamış, xüsusən də, çətin anlarda komandama sözdən çox, hərəkətimlə liderlik etmişəm.
Mən hər düşüncəyə – istər komanda yoldaşımın, istərsə də prezidentin fikrinə hörmətlə yanaşıram. Amma hörmət birtərəfli olmamalıdır!
Həm meydanda, həm də meydandan kənarda həmişə hörmətlə davranmışam. Futbolda da, həyatda da əsl güc emosiyaların qabarıq olduğu anda belə, hörmət göstərə bilməkdir.
Bu klubu heç vaxt aldatmamışam, “İnter”dən narazı olduğumu heç vaxt deməmişəm”.
Çalhanoğlunun bu açıqlaması komandadakı gərginlik iddialarını daha da alovlandırıb.
Bizi Facebook-da izləyin



