
Cəfərquliyevlə hansı dildə danışılmalıdır?
Fəxri Rüstəmli
O, bunu da bacardı.
Söhbət Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevdən gedir.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunun 84-cü dəqiqəsində Elvin yenə də emosiyalarına hakim ola bilmədi. “Qarabağ”ı vacib oyunlarda azlıqda qoymasına öyrəşdiyimiz Cəfərquliyev bu dəfə millinin yoldaşlıq görüşündə “adından söz etdirdi”. Özü də gərəksiz yerə… Heç kimə lazım olmayan halda “qırmızı”nı adına yazdırdı 25 yaşlı futbolçu.
“Qəhrəmanımız” “köhlən atlar”ın avrokubok oyunlarında alışdığımız “qırmızı”nı bu dəfə millinin yoldaşlıq görüşü çərçivəsində qəbul etdiyi Haiti yığmasına qarşı matçda adına yazdırdı. Adam yoxlama oyununda bunu bacardı, a kişi. Yəni, təcrübədə belə hal yaşanıb, yaşanmayıb, onu bir az araşdırıb, hansısa nəticəyə varmaq olar.
İstənilən yoldaşlıq oyununda hakimlər də oyunçulara güzəşt edir və heç kim də belə halları qabartmağı özünə borc bilməz. Hələ bu azmış kimi, oyunu qardaş ölkə – Türkiyəni təmsil edən hakimlər briqadası idarə edirdi. Hətta onu belə düşünürdük ki, millimiz cərimə meydançasına daxil ola bilsin, mübahisəli epizodlara girsin, baxma da türk hakimdir, “qanı qaynayar”, bəlkə, penalti təyin edər… Amma harda… Yaxınlaşa bilmirdik, az-az hallar istisna olmaqla…
Amma bir tərəfdən Elvini də qınamaq olmur. Hardan bilsin ki, hakim onun söyüşünü başa düşə.. (müşahidələrimə əsasən, ya hakimi söydü, ya da təhqir, tənqid etdi. Yanımda oturan həmkarlarımızdan biri türkiyəli referinin onun söyüşünü başa düşdüyünü deyib, “qırmızı” göstərdiyini söyləyəndə daha da əmin oldum).
Qurban Qurbanov dəfələrlə çıxışlarında bununla bağlı Elvinlə danışdığını bildirib. Fernandu Santuş da mətbuat konfransında Elvini başa saldığını dedi. Ay Santuş cənabları, öz dilimizdə başa salıb Qurban müəllim, adam öz bildiyini edir. Sən öz dilində nə izah edəcəksən? Bildiyini heç kimə verməyən Elvini dəyişə bilməyəcəksən!
Üstəlik, Santuş müəllim, ruhu ölmüşlərin millisinə bənzəyən millimizi də düzəldə bilməyəcəksən. Sən də bu ahıl yaşında səndən öncəkilər kimi ciblərini doldurub gedəcəksən. Rahat ol, onsuz da öyrəşmişik.
Bizi Facebook-da izləyin


