
Azər Bağırov istədiyi təklifi almayıb – MÜSAHİBƏ
“Kəpəz”in sabiq baş məşqçisi Azər Bağırov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Azər bəy, hazırda nə işlə məşğulsuz?
– Hal-hazırda evdəyəm, ailəmlə vaxt keçirirəm. Bəzi düşüncələrimlə baş-başayam. Ümumilikdə, vaxtımın çoxunu mütaliəyə ayırıram.
– Gələcəklə bağlı hansı planlarınız var?
– Gələcəklə bağlı planlar dedikdə, futbol həyatında elədir ki, təkliflər olur və o təkliflər barədə nələrisə düşünüb, qərar verməyə çalışırsan.
– Son mövsümdə baş məşqçisi olduğunuz “Kəpəz”lə bağlı fikirləriniz maraqlıdır… Yeni mövsümdən Gəncə təmsilçisindən gözləntiləriniz nələrdir?
– “Kəpəz”ə uğurlar arzulaya bilərəm. Hər şey “Kəpəz”in, gəncəlilərin istədiyi kimi olsun.
– Ötən il Adil Şükürovu göndərib, sizdən sonra yenidən komandaya qaytarmalarına münasibətiniz necədir?
– Əslinə qalanda, bu, rəhbərliyin verdiyi qərardır. Yəqin ki, nələrisə bilib, görüb, qərar veriblər. Bunu mənə elə gəlir ki, onlardan soruşmaq lazımdır.
– Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “İmişli”nin portuqaliyalı məşqçi gətirərək, yerlilərə güvənməməsini necə qiymətləndirirsiz?
– Mənə elə gəlir ki, biz daha güclü olmalıyıq. Bəzi hədəflər var ki, keçilməz – onları da keçməliyik (burda müsahibimizin dediklərindən ironiya hiss olunur). Və onda həmin o rəhbərlər də savadlı yerli mütəxəssislərə müraciət edərlər, bir yerdə çalışarlar.
– “İmişli” rəsmisi bir müddət əvvəl “Komanda.az” saytında müsahibəsində yerlilərlə danışdıqlarını və daha sonra əcnəbi mütəxəssis seçmək qərarına gəldiklərini demişdi. Sizinlə də əlaqə saxlamışdılar?
– Yox. Əslində mənimlə əlaqə saxlanılmamışdı, amma adım mediada hallanırdı. Bilirsiz, verilən qərarlar yəqin ki, nəyəsə əsaslanıb verilir. Düşünürəm ki, kimlər ki bu qərarları verir, nəyə əsaslanır belə qərarlar verir, bunu onlardan soruşmaq lazımdır.
– Ümumiyyətlə, sizə hansısa klubdan dəvət var?
– Dəvətlər oldu, ancaq mən istədiyim dəvət deyildi.
– Avrokuboklarda iştirak edəcək klublarımızla bağlı proqnozunuz nədir?
– “Qarabağ”dan başqa, bütün klublarımıza çətin rəqiblər düşüb. Buna baxmayaraq, keçən il bəzi klublarımızın etdiklərini nəzərə alsaq, düşünürəm ki, bugünkü gündə keçilməz rəqib yoxdur. Bütün klublarımıza uğurlar arzulayıram.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin


