“Bəxtsizlik bizdən əl çəkmir” – Vüqar Əsgərli
“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 10-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk növbədə azarkeşlərimizi təbrik edir və onlara təşəkkürümü bildirirəm. Hər oyunu yaxşı keçiririk, buna görə də bizə qələbə lazımdır. Səbirsizdirlər, onları səbirli olmağa çağırıram. Çünki sıfırdan formalaşmışıq. Gənc futbolçularımız var ki, onlarla gələcəkdə çox işlər görə bilərik. Oyunun gərgin keçəcəyini bilirdik. Çünki “Qəbələ”nin heyətində yaxşı futbolçular var. Rəqib daim dinamik futbol göstərir. Onlara qarşı oynamaq həmişə çətindir. Buna baxmayaraq, futbolçular sona qədər mübarizə apardılar. Əks-hücumdan oynamaq istəyirdik. Bu, bizdə hardasa alınırdı. Sadəcə, təcrübəsizlik və ani diqqətsizlik rəqibin qoluna səbəb olur. Hədəfimiz xal və xallar qazanmaqdır. Ancaq bu o demək deyil ki, hər şey yaxşıdır. Üzərində işləməli olduğumuz çox şey var. Əla futbol nümayiş etdirsək də, oyunların son dəqiqələrində qol buraxırıq. Bəxtsizlik bizdən əl çəkmir. Bütün komandalara qarşı eyni intizamla hazırlaşırıq. Bu xal bizə əlavə motivasiya oldu. Hər oyuna necə çıxırdıqsa, bundan sonra daha artıq motivasiya ilə hazırlaşacağıq.
Qol buraxırıqsa, bunda məşqçilərin də, futbolçuların da səhvi var. Buraxdığımız qolu analiz edəndə görürük ki, Adildən əvvəl də səhvlər oldu ki, bu, vəziyyəti belə həddə gətirdi. Təcrübəlilərimiz həm meydanda, həm də ondan kənarda gənclərə dəstək olurlar, onlara yol göstərirlər.
Rəhbərliklə görüşümüz olmayıb. Qış fasiləsində görüşdükdən sonra dəqiqləşdirəcəyik. Biz də istərdik ki, komandada səviyyəli əcnəbilər olsun. Ancaq onları da gətirsək, əvvəldən qurulan strategiyanı pozuruq. İstəyirik ki, belə davam edək. Oyunlar zamanı edilən xırda səhvləri yavaş-yavaş aradan qaldırırıq”.
Bizi Facebook-da izləyin