“Bəlkə, Şəhriyar ətrafında ancaq uğursuz qadınları müşahidə edib deyə, ona belə gəlib” – SORĞU
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun qadınlar haqqında fikirləri dünəndən bəri ölkə gündəmini zəbt edib. “Şah”ın şahmatda qadın-kişi faktorundan danışarkən qadınların kişilərdən çox zəif olduğunu deməsi birmənalı qarşılanmayıb.
Məmmədyarovun həmin fikirləri belədir:
“Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən daha çox zəifdirlər. Düzdür, bu fikirlər qadınların xoşuna gəlməyəcək. Bəlkə də, deyəcəklər, o deyil, amma bu gün dünyanın 100 ən yaxşı şahmatçısından biri belə, qadın deyil. Yəni heç bir qadın şahmatçı kişilərlə bərabər mübarizə apara bilmirlər. Qadınlar kişilərdən hansı sənətdə üstündürlər ki?! Çox fikirləşməyiniz belə (aparıcını nəzərdə tutur), artıq qəribədir. Fikirləşdiz, rahatlıqla deyə bilmədiz, çünki yoxdur”.
Komanda.az Məmmədyarovun səsləndirdiyi fikirlərlə bağlı idman mediasında çalışan qadın həmkarlarımızın mövqeyini öyrənib. Həmkarlarımız şahmatçını fikirlərinə görə qınayıblar:
Röyanə Oğuz, “Futbol+”
“Şəhriyar bəyin fikirlərinə hörmətlə yanaşıram. Fərd olaraq düşüncələr müxtəlif ola bilər. O, şahmatda kişilərin daha üstün olduğunu hesab edir. Belədirsə, son dönəmlərin statistikasında qadın və kişi şahmatçıların uğurlarını qarşılaşdırıb, hansının daha çox uğur qazandığı və ilkə imza atdığı ilə cavablamaq olar. Qeyd edim ki, Şəhriyar bəyə müəyyən qədər haqq verirəm. Fiziki güc tələb edən bəzi idman növlərində kişilər qadınlardan üstün nəticə əldə edə bilər. Amma bu o demək deyil ki, hər bir sahədə onlar üstündürlər. Dünya təcrübəsində belə, “qadınlar kişilərdən hər bir sənətdə üstündürlər” fikri doğru sayılmaz. Xüsusi olaraq hər hansı sənət tanımıram ki, sırf qadın və ya kişi üçün yaradılsın. Sadəcə olaraq, kişilər müəyyən sahələrdə bizdən üstündür. Bu isə o anlama gəlmir ki, bütün sahələrdə qadınlar kişilərlə bərabər mübarizə apara bilmir. Yəqin ki, hörmətli şahmatçımız bu fikirləri sırf öz sahəsini nəzərdə tutaraq səsləndirmək istəyib. Qrossmeysterlər bunun nə dərəcədə doğru, nə dərəcədə yanlış olduğunu deyə bilər”.
Mehri Qurban, “Baku TV”
“Şəhriyar Məmmədyarovun fikrinə hörmətlə yanaşıram. Lakin doğru hesab etmirəm. Qadınlara qarşı olan bu düşüncələr aradan qalxmalıdır. Biz həm zərif, həm də, güclü varlıqlarıq. İstədiyimiz, arzuladığımız hər bir işdə uğura imza ata bilərik, hətta deyərdim ki, bir çox məsələlərdə kişilərdən daha güclüyük”.
Mina Musayeva, “Korner.az”
“Şəhriyarın fikirləri kobud səslənib. Kişilər hər sənətdə üstündürlər? Bu fikir özü belə, yanlışdır. Bu fikri ümumiləşdirmək doğru deyil. Çünki o qədər güclü, işində uğurlu, öz ayaqları üzərində duran xanımlarımız var ki. Kişilər qadınlardan təbii ki, fiziki üstündür. Bu, normaldır. Bəlkə, Şəhriyar ətrafında ancaq uğursuz qadınları müşahidə edib deyə, ona belə gəlib. Amma ümumi anlayış kimi bu ifadəni bütün xanımlara şamil etmək yanlışdır. Azərbaycanda bir çox sahələrdə uğurlu xanımlarımızın sayı o qədərdir ki… İstər idmanda, istər incəsənət və digər sahələrdə. Qadın-kişi bərabərliyi vacibdir. Fiziki cəhətdən bəzi sahələr var ki, orada qadınlar çalışmır. Amma bu, xanımların zəifliyinə görə və ya kişilərin üstünlüyünə görə deyil. Sadəcə, qanunla müyyən edilmiş sahələrdir”.
Günay Xəlil, “Offsideplus.az”
“Şəhriyar Məmmədyarov fikirlərində səsləndirir ki, “çox fikirləşməyiniz belə, artıq qəribədir”. Doğrudur, dərin düşünməyəndə üstünlüyün bir çox məsələlərdə kişilərin tərəfində olduğunu görürük; şahmat da daxil olmaqla, idman növlərinin çoxu qarşı cinsin dominantlığı altındadır. Qadınların fiziki gücdə kişilərdən zəif olması bioloji faktdır. Ədalətin qorunması səbəbindən, istisna idman növlərindən başqa, əksər yarışlar qadınlar və kişilər arasında bölünür. Ağıl oyunlarına gəlincə, Məmmədyarovun danışmadan əvvəl bir az dərin düşünməsi lazım idi ki, son vaxtlar yuvarlandığı FİDE reytinqindəki kimi aşağı yuvarlanmasın.
Dünyada demək olar ki, bütün sahələrə kişi dominantlığının davam etdiyi bir zamanda, qadınlar kiçik imkanlardan istifadə edərək uğur qazanmağa çalışırlar. Şəhriyarın şahmata başladığı yaşda Azərbaycanda ziyalılar və ya maddiyyatı imkan verənlər qız övladlarını şahmatla məşğul etməyə sövq edə bilirdilər. Hazırda kifayət qədər qadın şahmatçılar(ımız) olsa da, onların top-100 reytinqdə yer almamasını kişilərin uğuru kimi qələmə verməyi yalnız düşünməyə ehtiyac olmadan danışan biri deyə bilərdi. Bütün həyatı boyu və dünyaya gəlmədiyi bir dönəmdən bəri yaşıl işığın özü və həmcinsləri üçün yandırıldığı bir insanın “kişilər qadınlardan üstündür” deməsi riyakarlıqdan başqa bir şey deyil”.
Bizi Facebook-da izləyin