“Bütün diqqətimiz Norveçlə oyuna yönəlib” – Obradoviç
“Hazırda bütün diqqətimizi Norveçlə oyuna yönəltmişik”.
Komanda.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç səfərdə Finlandiyaya 0:3 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunundan sonra deyib.
Serbiyalı mütəxəssis məğlubiyyəti belə şərh edib:
“İlk hissədə taktiki oyunumuz sayəsində finlərə qapımız qarşısında təhlükəli vəziyyət yaratmağa imkan vermədik. Ümumiyyətlə, fasiləyə kimi rəqibdən heç bir cəhətdə geri qalmadıq. İkinci hissədə Finlandiya millisinin daha çox hücum edəcəyini bilirdik. Çünki onlara qələbə lazım idi. Bununla belə, komandamız dəqiq hücum sayəsində penalti vurmaq hüquqi qazandı”.
Obradoviç Musa Qurbanlının penaltidən yararlana bilməməsinə xeyli təəssüflənsə də, ona heç bir iradının olmadığını söyləyib: “Musa komandanın aparıcı oyunçularından biridir. O, hər məşqə və oyuna peşəkarcasına yanaşır. İnanıram ki, Norveçlə qarşılamada Musanın qol vurmaq şansları olacaq”.
Baş məşqçinin sözlərinə görə, Finlandiya beş dəqiqə ərzində iki qol vurduqdan sonra da komandası əzmkarlıq nümayiş etdirib: “Lakin rəqib daha bir dəfə fərqləndi”.
Azərbaycan yığması Norveçlə iyunun 14-də səfərdə üz-üzə gələcək. Drammen şəhərindəki “Marienlist” stadionunda təşkil olunacaq matç saat 20:00-da başlayacaq.
Bizi Facebook-da izləyin