“Bursaspor”la Super Liqaya vəsiqə qazanmaq istəyirəm” – Namik Ələskərov
“Bursaspor”un futbolçusu Namik Ələskərov açıqlama verib.
Komanda.az xəbər verir ki, Türkiyə mətbuatına danışan azərbaycanlı hücumçu, “Bursaspor”dakı hədəflərindən danışıb:
“Təlim-məşq toplanışımız yaxşı keçib və müsbət əhval-ruhiyyədə hazırlaşmışıq. Bunun bəhrəsini növbəti oyunlarda görəcəyik. “Bursaspor”a çempionluq hədəfi ilə gəlmişdim, amma hazırda yaxşı durumda deyilik. Hədəflədiyimiz yerdə deyilik. Çətin vəziyyətdir. “Bursaspor”un nə qədər böyük klub olduğunu bilirik. Bu çətin vəziyyətdən çıxacağıq.
Bu mövsüm oynadığım qarşılaşmalarda bir penalti imkanım olub, onu da qolla nəticələndirmişəm. Bunlardan başqa, cərimə zərbəsi və penalti vurmaq şansım olmayıb. Amma fürsət düşsə, dəyərləndirmək istəyərəm”.
Namik “Bursaspor”un baş məşqçisi Tamer Tuna haqda da fikirlərini söyləyib:
“Onun bizimlə olduğunu hiss edirik. Oyunçulara motivasiya və dəstək verir. Məncə, çox yaxşı baş məşqçidir. Azərbaycanda hər kəs “Bursaspor”un nə qədər böyük klub olduğunu bilir. Bu mövsüm istədiyimiz kimi olmadı. Amma inanıram ki, hər şey düzələcək. Hər məşqçinin fərqli istəyi var. Ötən mövsüm iki hücumçudan biri kimi meydana çıxırdım. Bu səbəbdən qol vurmağa daha yaxın idim. Bu mövsüm isə cinahda oynayıram. Mənim məqsədim komandaya daha çox fayda verməkdir. Daha çox qol vurub, məhsuldar ötürmə etmək istəyirəm. Hazırda ən önəmli hədəfimiz bu vəziyyətdən çıxmaq və aşağı pillələrdən xilas olmaqdır. Ondan sonra isə xallar toplayaraq üst pillələrə qalxmaq niyyətindəyik. “Bursaspor”a gələndə Super Liqaya çıxmağı xəyal edirdim. Bu mövsüm olmadı. Hazırkı durum bunu göstərir. Amma ardıcıl qələbələr qazansaq, hər şey ola bilər. Bu dəfə alınmasa, növbəti mövsüm “Bursaspor”la Super Liqaya vəsiqə qazanmaq istəyirəm”.
Bizi Facebook-da izləyin