AFFA-nın “əsər”i: Azərbaycan millisinin “itkin düşən” futbolçusu – Yazı+Fotolar
“Bursaspor”da forma geyindiyi dövrdə – 2016-cı ildə milliləşdirilərək Azərbaycan yığmasına dəvət alan Dəniz Yılmaz hazırda klubsuz qalıb.
AFFA-nın 28 yaşında milliləşdirdiyi, Robert Prosineçkinin baş məşqçi olduğu dövrdə dəvət olunan Dəniz, Azərbaycan yığmasında sadəcə iki oyun keçirdi və… heç nə ilə yadda qalmadı. Türkiyəli hücumçu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya 0:4 hesablı məğlubiyyətlə başa çatan oyunda 45 dəqiqə, Almaniya millisinə 1:4 hesabıyla uduzulan görüşdə 23 dəqiqə şans qazanmışdı. Azərbaycan millisindəki karyerası sadəcə iki oyundan ibarət olan Dəniz, 2019-cu ilin yayından klubsuzdur.
2005-2011-ci illər aralığında “Bavariya”nın 2-ci komandasında forma geyinən Dəniz, 115 oyunda 33 qolla yadda qalmışdı. Daha sonra “Maynts”, “Paderborn” kimi komandalarda çıxış edərək, ardından Türkiyəyə yollanan 31 yaşlı hücumçu, “Elazığspor”, “Trabzonspor”, “Bursaspor” klublarında forma geyinib və 88 Super Liqa matçında 24 qol vurub. O, son klubu olan “Gənclərbirliyi” ilə 1-ci liqada 24 oyunda 3 qolla yadda qalmışdı.
Hazırda özünə klub tapa bilməyən Dənizin AFFA tərəfindən nə üçün milliləşdirildiyi sual altındadır. 28 yaşında milliləşdirilən futbolçu ilə hansı gələcək düşünülə bilərdi? Dəniz zəif futbolçu idisə, AFFA nə üçün ona Azərbaycan vətəndaşlığı verdirmişdi? Ötən il Dənizin Türkiyə çempionatlarında legioner sayılmaması üçün Azərbaycan vətəndaşlığından imtina edəcəyi də deyilirdi.
Azərbaycanın milli komandasında müxtəlif ölkələri təmsil edən xeyli sayda futbolçular forma geyiniblər. Hazırda da braziliyalı Riçard Almeyda Azərbaycanın əsas futbol komandasının uğurları üçün tər tökür. Amma Dəniz Yılmaz kimi uğursuz futbolçu olmayıb bizim milli komandada. Türkiyəli hücumçu kimin arzusu, istəyi ilə milliləşdirilib, kim onun Azərbaycan millisinə faydalı olacağına zəmanət verib… Yəqin ki, AFFA-dan heç kim bu suallara cavab verməyəcək, kimsə məsuliyyəti üzərinə götürməyəcək.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin