“Burada oynamaq karyerama müsbət mənada təsir edəcək” – “Araz-Naxçıvan”nın yeni transferi
Təlim-məşq toplanışını Ərzurumda davam etdirən “Araz-Naxçıvan”ın yeni transferi Bernardo Oliveyra (Benni) toplanışla bağlı fikirlərini bölüşüb.
Komanda.az Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu çatışmazlıqların olmasına baxmayaraq, müsbət məqamların da olduğunu bildirib:
“Alanyaspor”la oyun yoxlama xarakteri daşısa da, biz meydanda sanki günlərlə keçdiyimiz məşqlərin hesabatını verməyə çalışdıq. İlk oyunumuz idi, çatışmazlıqların olması normaldır, amma müsbət məqamlar da vardı. Məncə, ilk addımımız pis alınmadı, ancaq vacib olan baş məşqçinin fikirlərini və istəklərini düzgün icra etməkdir. Tədricən buna nail olacağımızı vurğulaya bilərəm.
Menecerim Azərbaycandan təklif gəldiyini bildirdi. Futbolçu həyatı elədir ki, hər zaman yeni çağırışlara hazır olmalısan. Bu baxımdan dəyərləndirmək qərarına gəldim. Artıq bir həftədir ki, “Araz-Naxçıvan”ın düşərgəsindəyəm. Çox yaxşı, intizama riayət edən bir kollektivimiz var. Hər kəs bir-birinə mehriban davranır, kömək etməyə çalışır. Təbii ki, klubun da bir hədəfi var və buna nail olmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Yeni mövsümə hazırlığımız yüksək səviyyədə davam edir. Start uğurlu olmalıdır. Bunun üçün də biz futbolçular maksimum çalışmalıyıq.
Əlbəttə, razılıq verdikdən sonra həm formasını geyinəcəyim klub, həm də liqa haqqında məlumat topladım. Bu işdə mənə ən çox vaxtı ilə bir komandada oynadığım, indi isə karyerasını ölkənizdə davam etdirən bir neçə futbolçu kömək etdi, dolğun məlumat verdilər. Burada olmaq və oynamaq karyerama müsbət mənada təsir edəcək”.
Benni indiyə qədər Portuqaliyanın “Farmaçao”, “Oeiras”, “Belenenses”, SAD, “Benfika B”, “Çaves”, “Uniao Torreense” və Kiprin “Doxa Katokopias” klublarında çıxış edib.
Bizi Facebook-da izləyin