
“Bura “Kəpəz”in Premyer Liqada qalmasına kömək etmək üçün gəlmişəm” – MÜSAHİBƏ
“Kəpəz”in portuqaliyalı yarımmüdafiəçisi Valdemar Almeyda Azərbaycan Premyer Liqasının 23-cü turunda “Şamaxı” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra Komanda.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Əvvəlcə oyun haqda fikirlərini öyrənmək istərdik.
– Birinci hissəni ikincidən yaxşı oynadıq, qol vəziyyətlərimiz çox idi. Buraya (Tovuz) üç xal üçün gəlmişdik, amma bizim üçün bir xal da yaxşıdır.
– Son dəqiqələrdə “Kəpəz”in hesabı qorumağa çalışdığı görünürdü. Heç-heçə sizi qane edən nəticə idi?
– Futbolda qazanılan hər xal önəmlidir. Bunun faydasını mövsümün sonunda görəcəyik. Amma düşünürük ki, bu oyunda iki xal itirmişik.
– Premyer Liqada qalmaq üçün gərgin mübarizə gedir. “Kəpəz”in şanslarını necə dəyərləndirirsən?
– Yeni gəldiyim vaxt klubun İdarə Heyətinin sədri İlqar Nadiri ilə bu barədə danışmışdım. “Kəpəz”in pis vəziyyətdə olduğunu bilirdim və bura komandanın Premyer Liqada qalmasına kömək etmək üçün gəlmişəm. Yeni futbolçularla birlikdə vəziyyəti günbəgün yaxşılaşdırırıq. Son beş oyunda cəmi bir məğlubiyyətimiz var. Mövsümün sonunda Premyer Liqada qalacağımıza inanırıq. Rəqiblərin güclü, yaxud zəifliyindən asılı olmayaraq, bütün oyunlara üç xal üçün çıxırıq.
– Baş məşqçiniz cinah oyunçularının mərkəzdəki futbolçuları topla təmin edə bilmədiyini vurğuladı. Bununla razısan?
– Bir liderimiz var, o da baş məşqçidir. Elə deyirsə, deməli, doğrudur. Biz də çalışacağıq ki, özümüzü inkişaf etdirərək, növbəti oyunlarda üç xal qazanaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin