“Bura qədər gəlmişiksə, işi sona çatdırmalıyıq” – Müsahibə

MOİK çıxış etdiyi birinci divizionda hələ sona 4 tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib. Amma klubun baş məşqçisi Azər Bağırov, “hədəf 1-ci yeri tutaraq qızıl medallara sahib çıxmaqdır” deyir. Klubun mətbuat xidmətinə müsahibəsində uğurun “memar”ı özündən, MOİK-ə gəlişindən, bu günə qədər olan hadisələrdən, məqamlardan, oyunlardan danışıb.

Komanda.az həmin müsahibəni təqdim edir:

  • Öncə MOİK azarkeşlərinə, sevənlərinə Azər Bağırovu öz dili ilə yaxından tanıdaq…
  • 1981-ci ildə anadan olmuşam. Uşaqlıqdan futbola böyük marağım olub. Peşəkar səviyyədə futbolçu karyerama 16 yaşımda “Xəzri”də (Buzovna) başlamışam. Hətta
    o dövrdə Nadir Qasımovun rəhbərliyi altında “Xəzri”də yüksək dəstədə 2 oyuna da çıxmışam. Sonradan “Qarabağ”ın əvəzediciləri, “Neftçi”, “Qəbələ”, “ABN-Bərdə”, “Ədliyyə”, “Viləş”də də çıxış etmişəm. Amma əsasən “Xəzər Universiteti”ndəki çıxışımla tanınmışam. O klubda həvəskarlar, divizion səviyyəsindən yüksək liqaya qədər çıxış etmişəm. Məşqçilik karyerama isə 2010-cu ildə “Neftçi”də başlamışam. Arif Əsədovun köməkçisi, həm də seleksioner-məqşçi işləmişəm. Ardından məşqçilik kurslarına qatıldım, C və B kateqoriyalarını aldım, milli komandaya dəvət olundum. 2 il U-16 millisində Nikolay Adamın köməkçisi olmuşam. Ardından “Qəbələ”də çalışmışam. 11 və 16 yaşlı uşaqların baş məşqçisi olduqdan sonra Premyer Liqada əsas komandada ispan çalışdırıcı Luis Araqonun yardımçısı olmuşam. MOİK-dən əvvəl isə “Qaradağ Lökbatan”da çalışmışam. 2015-ci ildə PRO lisenziyası almışam. Ailəliyəm, 3 oğlan övladım var.
  • Ümumiyyətlə, MOİK-ə gəlişiniz necə alındı?
  • Kanadaya 4,5 aylıq səfərimi işçi vizası ilə bağlı problemə görə yarımçıq qoyub Azərbaycana döndükdən sonra MOİK rəhbərliyi ilə görüşümüz oldu. Rəhbərlik komandanın çətin durumda olduğunu və mənimlə əmkdaşlıqda maraqlı olduğunu bildirdi. Danışıqlardan sonra ortaq məxrəcə gəldik və mövsümün sonuna qədər müddətə müqavilə imzaladım. Ötən mövsümün son 7 turunda komandaya artıq mən başçılıq etmişdim. Görünür, qazanılan nəticələr rəhbərliyi qane edib ki, mənə yeni mövsüm üçün də müqavilə təklifi edildi. Mən də təklifi qəbul etdim və bu gün də MOİK-in uğurları üçün çalışıram.
  • Kanada səfərini qeyd etdiz. Mühacirət etmək fikri haradan yarandı? Niyə getmişdiz, niyə gəldiz?
  • Kanadaya daha çox xaricdə olmaq, orada işləmək, təcrübə qazanmaq, məşqçi kimi dünya görüşümü, əhatəmi genişləndirmək məqsədilə getmişdim. Legioner həyatı yaşamaq, məşqçi bacarıqlarımı ölkədən kənarda sınamaq, sübut etmək istəyirəm. Bildiyimiz kimi, Azərbaycanda hazırda Premyer Liqada cəmi 8 komanda mübarizə aparır, ona görə də məşqçilər üçün, türklər demiş, alan dardır. Ona görə də belə bir şey düşünmüşdüm. Xaricdə işləmək arzum hələ də qalır. Əslində Kanadada 1-ci divizion komandası var idi, artıq müqavilə də imzalamışdıq. Fikirləşdiyim, həyata keçirmək istədiyimiz bəzi şeylər var idi. Sadəcə, dediyim kimi, işçi vizası ala bilmədiyimdən çalışmağım da qeyri-mümkün oldu.
  • 2017/18 mövsümünün sonunda, 2018-ci ilin mart ayında komandaya gəldiniz. Sona 7 tur qalmış komandanın “sükan”ını ələ alarkən nə düşünürdüz?
  • Mən xaraktercə optimist insanam. Ona görə də həmişə gücümə, bacarığıma inanıb işə başlayıram. Fikirləşirdim ki, burdayamsa, deməli mənə inanıblar və bu inamı doğrultmaq lazımdır. Düşünürdüm ki, bu gün mənə etimad göstərənlərə yardım etməliyəm. Hə, gələcək üçün nəsə alınarsa və onların da təklifi olarsa, oturub bu haqda düşünmək olar. Düşünürdüm ki, niyə də bunu MOİK-də etməyim. Komanda hansı divizionda çıxış etməsindən asılı olmayaraq, öz dəst-xəttinə malik klub kimi yaddaşlardadır.
  • Bəs müqaviləniz mövsümün əvvəlində yenilənərkən rəhbərlik qarşısınıza hansı hədəfləri qoydu?
  • Yeni mövsümə yaxşı və iddialı hazırlaşmışdıq. Rəhbərlik də qarşıya çempion olmaq hədəfi qoydu. Amma limitin dəyişməsi, meydanda azı bir 2001-ci il təvəllüdlü futbolçunun olmasının məcburi qayda olması, bu səbəbdən də yeni gənc oyunçuların cəlb edilməsi zərurəti bir qədər problem yaratdı. Çünki biz yaşlı oyunçular seçmişdik və limitə düşən yetərli qədər oyunçumuz yox idi. Bu məsələ, açığı, rəhbərlik tərəfindən komandaya qarşı bir az inamsızlıq yaratmışdı. Amma zaman keçdikcə hər şey öz yerinə düşdü, uğurlarımız artdı və rəhbərliyin də qayğısını üzərimizdə hiss etdik. İlk dövrə ərzində cəmi 2 məğlubiyyət oldu ki, onlar da ilin sonuna doğru komandada “böhran”ın yaşandığı dövrə təsadüf etdi. Bununla belə, oyunları, demək olar, 95 faiz eyni heyətlə oynamağımız çətinlik yaradırdı.
  • Hər nə qədər mövsümöncəsi hazırlıq planı və komandanın komplektləşdirilməsində çətinlik olsa da, komanda yeni mövsümə əla başlamışdı. İlk dövrənin son 3 turuna qədər, “Ağsu”yla matçdakı heç-heçə istisna olmaqla, bütün oyunlarda qələbə qazanılmışdı. Komandada ötən mövsümlə müqayisədə heyət, düşüncə tərzi, mentalitet baxımından nə dəyişiklik oldu? Belə vəziyyətdən uğurla çıxmağınızın səbəbi nə oldu?
  • Həmişə istəmişəm ki, yaxşı kollektiv formalaşdıra bilim. Komandada, olduğum hər yerdə elə ab-hava yaratmaq istəyirəm ki, hamı rahat olsun, öz fikrini və emosiyalarını meydanda məşqçiyə deyə bilsin. Rahatlıq və qarşılıqlı inam olan yerdə uğur olmalıdır. Mən hiss edirəm ki, burda həmin ab-havanı yarada bilmişəm. Çünki 2001-ci il təvəllüdlü oyunçu da fikirlərini mənimlə bölüşməkdən çəkinmir, problemlərini danışa bilir. Futbolçu ikən də belə vəziyyətləri çox görmüşük. Bu bir il ərzində komanda daxilində iki futbolçunun bir-biriylə bircə dəfə də mübahisəsi olmayıb. Bununla da, çox mehriban kollektiv yaratmışıq. Elə mühit yaratmışıq ki, hamı oynamağa hazır olmalıdır. Yəni bu gün əsas heyətdə olub ən yaxşı çıxış edən sabah ehtiyatda da otura bilər. Belədə digər oyunçular da özünü artıq lazımsız hiss etmir. Yanımda ehtiyatda əyləşən futbolçu da bəzən ən lazımlı oyunçu olacaq.
  • İlk dövrədə komanda 9-u qələbə olmaqla, 10 oyunluq məğlubiyyətsiz seriya yaxalamışdı. Amma dövrənin son 3 oyununda 2 məğlubiyyət 1 heç-heçə oldu. Bununla da liderlik əldən verildi. Sanki komanda “əyləci basdı”. Bunun səbəbi nə idi?
  • Müəyyən obyektiv və subyektiv səbəblər oldu. Məsələn, “Neftçi-2”yə qarşı oyunumuz heç alınmadı. Futbolda, ümumiyyətlə idmanda belə bir qayda var: 5-6 oyundan bir uğursuzluq olmalıdır. Oyunçular robot deyil, futbol da kompüter proqramı deyil ki, yazasan, sona qədər eyni olsun. 5-6 oyundan bir komandanın nisbətən zəif çıxışı olmalıdır, bizdə də bu “Neftçi-2” ilə oyuna təsadüf etdi. Amma uğursuzluğun əsas səbəbi Zaqatalada üzə çıxdı. Həmin oyunda 1988-ci il təvəllüdlü limitə düşən futbolçumuzun qırmızı vərəqə alması istər-istəməz növbəti oyunda – “Qaradağ Lökbatan”a uduzduğumuz matçda da problem yaratdı. Həmin oyunda əsas heyətin üzvü Ceyhunun olmaması da təsir etdi. Bir sözlə, limitə düşən 3 əsas heyət oyunçumuzun yoxluğu planlarımızı alt-üst etdi. Həm də həmin matçda məcburiyyətdən əsas oyun sistemimiz olan 3-4-3-dən 3-5-2-yə keçməli olmuşduq.
  • Dövrələrarası fasilə ərəfəsində liderliyi əldən verən komanda, görünür, qışda ikinci dövrəyə çox gözəl hazırlaşıb. Yaranmış problemlərdən də dərs çıxarıldığı görünür… Ən azından sona 4 tur qalmış Premyer Liqaya vəsiqənin təmin edilməsi belə düşünməyə əsas verir.
  • Qış fasiləsində bir neçə yaşlı futbolçu ilə vidalaşdıq. Rəhbərliklə kiçik iclas da keçirdik. Limitə düşən azı 3-4 futbolçu tapmağın zəruri olduğunu diqqətə çatdırdım. Rəhbərlik də sağ olsun, komandaya qayğısını həmişə olduğu kimi, yüksək səviyyədə göstərdi. “Qəbələ”dən 1998 və 1999-cu il təvəllüdlü futbolçular dəvət elədik. Bununla da gücləndirmək istədiyimiz zonalara futbolçu cəlb etdik. Həmin iclasda mən də rəhbərliyə söz verdim ki, ikinci dövrənin 5 oyunundan sonra lider olacağıq. Doğrudan da, 5 tur keçəndən sonra 1-ci yerə çıxdıq. Həmin o 5-ci oyunumuz səfərdə “Sumqayıt-2”yə qarşı idi və qələbə qazandıq. Həmin oyunda uşaqlar cüzi səhvlərə yol verməklə möhtəşəm futbol sərgilədilər.
  • Premyer Liqaya vəsiqəni təmin etməklə işi bitmiş saymaq olar?
  • Qətiyyən yox. Rəhbərlik də qarşıya çempionatı 1-cı sırada biritib qızıl medallara sahib çıxmağı məqsəd qoyub. Bura qədər gəlmişiksə, işi sona çatdırmalıyıq. Nə rəhbərliyin, nə də futbolçuların çəkdikləri əmək boşuna olmamalıdır.
  • Ümumiyyətlə, komanda ikinci dövrədə ardıcıl 9 qələbə qazandı. Bu klub adına tarixi nəticədir. Çünki indiyə qədər nə elitada, nə də Birinci divizionda belə seriya olmamışdı. Rekordçu məşqçi kimi MOİK tarixinə düşdüz…
  • İnanın ki, rekord barədə o qədər də fikirləşmirdim. Əsas diqqəti komandanın ümumi vəziyyətinə, sərgilədiyi futbola yönəltmişdim. Qələbələr sevindiricidir, amma mən daha çox ardıcıl qələbələrin bir gün bitəcəyi haqqında düşünürdüm. İstər-istəməz komandanın arabir zəif oyunun olması da normaldır. Düşünürdüm ki, görəsən, həmin zəif oyun hansı günə təsadüf edəcək. Mənə elə gəlir ki, KİV-də MOİK-in Premyer Liqaya vəsiqəni təmin etməsi barədə çıxan yazılar futbolçularda bir qədər eyforiya yaratdı. Elə “Neftçi-2”yə uduzmağımızın əsas səbəbi də eyforiya idi. Uşaqlar rahatlaşmışdılar.
  • “Neftçi-2” ilə oyunda komandanın meydana həqiqətən də rahatlaşmış şəkildə çıxıdığı hiss olunurdu, bəsit də erkən qollar buraxıldı. Futbolçular rahatlaşmanın acı nəticəsini görəndən sonra komanda toparlana bilibmi?
  • İnanıram ki, MOİK bu il 1-ci yeri tutacaq. O oyun artıq keçmişdə qaldı. Nə etmək lazım olduğunu bilirik. Səhvlərimiz oldu və səhvlərin üzərində işləməliyik. Məncə, futbolçular da artıq başa düşüblər. 12-ci dəqiqədən sonra 0:2 hesabı ilə geridə idik və bu “soyuq duş” kimi oldu. Bu, uşaqlara böyük dərs oldu və gələcəkdə belə səhvi bir daha etməmək üçün bu anları yada salacaqlar. Oyundan sonra paltardəyişmə otağında futbolçular başlarını aşağı salmışdılar. Onlara hər şeyin yaxşı olduğunu dedim. Ardıcıl qələbələrdən sonra belə məğluniyyət onlara pis təsir etmişdi. Amma məğlubiyyət də olmalıdır. Uzun müddət məğlub olmayıb birdən bu hissi yaşamaqdan pis olmuşdular. Bu oyundur, həmişə udmaq olmur. O vəziyyətdə uşaqları ələ almaq lazım idi və məncə bunu bacardıq. Belə olmasaydı, “Zaqatala” ilə çətin oyundan üzüağ çıxa bilməzdik.
  • “Zaqatala” ilə oyunda da bu psixoloji gərginlik hiss olundu. Sizcə, qələbə futbolçularda yenidən özünəinam hissini artıracaq? Qələbənin futbolçuların və ümumiyyətlə, komandanın çiyinlərindən yükü götürdüyünü demək olarmı?
  • Əlbəttə, gərginlik var idi. Çünki “Neftçi-2” ilə oyunda komanda mövsümboyu heç bir oyunda buraxmadığı qədər qol buraxdı. Ən az qol buraxan komanda olaraq liderlik edirik və belə bir hal yaşananda istər-istəməz psixoloji sarsıntı olur, gərginlik artır. Eyni zamanda sona 2 tur qalmış çempionluq yolunda ağır zərbə ala bilərdik. Amma oyuna qədər çox ciddi çalışdıq, yaxşı iş gördük. Sonda istədiyimizi – 3 xalı çətinliklə olsa belə, qazandıq və həqiqətən də üzərimizdən ağır yükü atmış olduq. Bundan rəhbərliyin qayığısı və diqqəti də rol oynadı. Rəşad müəllim (MOİK-in rəisi, polkovnik-leytenant Rəşad Qasımov – red.) ölkədə olmasa da, oyunun fasiləsində zəng vurub əlaqə saxladı. O, uşaqlardan 3 xalı tələb və xahiş etdi. Həmin an diqqətin nə qədər olduğunmu bir daha gördük. Məsuliyyət hissi və futbolçuların ikinci hissəyə daha motivssiyalı çıxması sonda qələbə qazanmağımıza kömək etdi.
  • Hər halda indi son 2 oyun nisbətən asan olar psixoloji baxımdan?
  • Bilirsiniz, MOİK Birinci Divizionda elə dəst-xətt yaradıb ki, bütün komandalar liderə qarşı daha əzmlə mübarizə aparmaq, özlərini göstərmək və xal qopartmaq istəyirlər. Bu, bir yandan işimizi çətinləşdirir, digər yandan da işimizə zövq, maraq qatır. İkinci dövrənin oyunlarında rəqiblər bizə qarşı tam fərqli oynamağa başladılar. Amma dövrəni istədiyimiz kimi keçirməyə hələ ki nail oluruq. İndi qarşıda bizi “Zaqatala” ilə oyundan da çətin “Qaradağ Lökbatan”la görüş gözləyir. Amma da əlimizdən gələnin ən yaxşısını edib bu oyundan da qalib ayrılmaq, çempionluğumuzu qeyd etmək istəyirik.
  • Hazırda MOİK-in kadr problemi, yəni zədəli və ya cəzalı olanlar var?
  • Özümü tərifləmək kimi çıxmasın, mövsümün əvvəlindən bəri MOİK-də əzələ problemi olan futbolçu yoxdur. Sümük problemi, ayaq burxulması cüzi olub, amma əzələ problemi olmayıb. Hazırda nə zədəlimiz var, nə də cəzalımız. Tam şəkildə son 2 oyuna hazırlaşırıq. Hər biri bir döyüş olacaq.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button