“Bura gəldiyimə görə şadam” – “Kəpəz”in yeni transferi
“Kəpəz”in yeni transferi Mahamadu Ba klubun mətbuat xidmətinə açıqlama verib.
Komanda.az xəbər verir ki, yeni iş yeri ilə bağlı danışan malili futbolçu həvəslə məşq etdiyini söyləyib:
“Karyeramda yeni bölüm başlayır. Türkiyədən sonra ölkənizdə legioner həyatı yaşayacağam. Bura gəldiyimə görə şadam. Klubda məni olduqca mehriban qarşıladılar. Bir neçə gündür ki, düşərgədəyəm. Həvəslə məşq edirəm. Yaxşı bazamız var. “Kəpəz”in Bakıda “Zirə” ilə oyununu stadiondan canlı izləmək imkanım oldu. Bilirəm ki, komandanın çıxışı azarkeşlərin ürəyincə deyil. Amma kollektiv olaraq vəziyyəti dəyişmək üçün çalışırıq.
Türkiyə ilə Azərbaycan futbolu arasında fərq təbii ki, var. Azərbaycanda komandalar fiziki oyuna üstünlük verməyə səy göstərirlər. İlk baxışdan hər halda belə görünür. Türkiyədə isə başqa cürdür. Super Liqada komandalar taktiki-texniki cəhətdən seçilməyə çalışırlar”.
25 yaşlı yarımmüdafiəçi karyerası ərzində Türkiyə klublarında forma geyinib. O, “Ərzurumspor”, “Adana Dəmirspor”, “İstanbulspor” və “Tuzlaspor” kimi komandalarda oynayıb. Ba “Ərzurumspor” və “İstanbulspor”un heyətində Türkiyə Super Liqasında çıxış edib.
Bizi Facebook-da izləyin