“Sabah”ın futbolçusu: Nənəm güləşə getməyə icazə vermirdi – Müsahibə
“Sabah”ın futbolçusu Elgün Nəbiyevin Komanda.az saytına müsahibəsi:
– Özün haqda danışardın, necə oldu səndə idmana maraq yarandı?
– Futbola uşaq vaxtından marağım olub. Məhlədə oynaya-oynaya buralara gəlmişəm. Ancaq heç vaxt futbolçu olacağımı düşünmürdüm. Çünki başqa idman növü ilə məşğul idim. Klassik güləşlə məşğul olurdum. Sonra dərslərlə bağlı ara verməli oldum. Gördüm ki, məndən dərs oxuyan olmayacaq, yenidən qayıtdım güləşə.
– Bəs necə oldu güləşi futbola dəyişdin?
– Zədələnmişdim. Həm də, nənəm güləşə getməyə icazə vermirdi (gülür). Məktəb vaxtı bir az avara olmuşam. Sonra bir gün tanış bir menecer zəng edib soruşdu ki, futbol oynamaq istəyirsənmi? Məni “Rəvan”ın 2-ci komandasına göndərdi. Orda məni bəyənməmişdilər. Sonra getdim “Rəvan”ın 19 yaşlılardan ibarət komandasına. Orda Füzuli Məmmədovun mənim inkişafımda böyük rolu oldu. O vaxtlar demək olar ayağım top tutmurdu, sonra onun köməkliyiylə daha yaxşı çıxış etməyə başladım. Füzuli Məmmədovun üzərimdə əməyi çoxdur. İlk mövsümümdə onun rəhbərliyiylə 27-28 oyuna 10 qol vurmuşdum. Sonra o, Premyer Liqaya getdi. O getdikdən sonra futbolu bitirəcəyimi düşünürdüm. Ancaq zəng edəcəklərini demişdilər. Füzuli Məmmədov yenidən “Rəvan”a qayıtdı. Birgə işləməyə başladıq və həmin mövsümdə bombardir oldum. Daha sonra “Zirə”dən təklif gəldi, ora getdim. Bir müddət bu klubda çıxış etdikdən sonra keçən ilin yayında “Sabah”a keçdim.
– Niyə məhz “Sabah”ı seçdin?
– Elşad müəllimlə (“Sabah”ın baş məşqçisi Elşad Əhmədov) danışdıq. Onunla söhbətimiz bura gəlməyimə kifayət etdi. “Sabah”da olduğum üçün xoşbəxtəm.
– Premyer Liqada çıxış edən hansı futbolçularla dostluq edirsən?
– Ən yaxın dostum “Keşlə”dən Vüsal İsgəndərlidir. Onunla həm də, ailəvi yaxınıq. Ünsiyyətcil biri olduğum üçün hamıyla yaxşı əlaqələrim var.
– “Sabah”ın bu mövsümkü çıxışını necə dəyərləndirirsən? Komanda olaraq əsas hədəfiniz nədir?
– Yaxşı oyun göstərərək, müsbət nəticələr əldə etmək istəyirik. Bu kollektivlə mövsümü üst sıralarda bitirə biləcəyimizi düşünürəm.
– Komandanın qarşıdakı avrokuboklar mövsümündə iştirak edə bilməyəcəyi futbolçuların oyununa təsir edirmi?
– Xeyr, bura gələn hamı bilir ki, komandamız yeni yaranıb və avrokuboklarda iştirak etməyəcək.
– Həftə sonu “Qəbələ”ylə öz meydanınızda qarşılaşacaqsız. Bu oyun haqda düşüncələrin nədir?
– Güclü olan qalib gələcək. Bu mövsüm “Qəbələ”yə qarşı 4 oyun keçirmişik, bir dəfə qalib gəlmişik, üç dəfə də məğlub olmuşuq. Bu dəfə qələbə qazanmaq istəyirik. Bunun üçün çalışacağıq.
– Demək olarmı ki, bu oyuna revanş hissiylə çıxacaqsız?
– Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
– “Sabah” bir müddət əvvəl Təmkin Xəlilzadə, Coşqun Diniyev, Rəşad Eyubov kimi futbolçuları heyətinə qatdı. Səncə, ən uğurlu transfer hansıdır?
– Hər futbolçunun bir-birindən üstün olan xüsusiyyətləri var. Məncə, bu oyunçuların hamısı gücümüzə güc qatacaq.
– Bu mövsüm sənin üçün ən yaddaqalan oyun hansı olub?
– “Neftçi”ylə öz meydanımızda qarşılaşdığımız matç. 1:2 hesabıyla məğlub olmuşduq, ancaq komanda şəklində yaxşı oyun sərgilədik. Sadəcə, bəxtimiz gətirmədi.
– Gələcək karyeranda əsas hədəflərin nədir?
– Hazırda “Sabah”da xoşbəxtəm. Ancaq kim istəməz ki, Avropada futbol oynasın?
Şahin Cəfərov
Bizi Facebook-da izləyin