Buqrin İspaniyada oynamaq istəyir: “Bu, zarafat deyil”

“Ötən mövsüm “Düdelanj”ın heyətində Avropa Liqasının qrup mərhələsinin 6 oyunundan 5-də meydanda oldum. Məhz “Qarabağ”la matçlardan sonra “Neftçi”nin maraq dairəsinə düşdüm”.

Komanda.az xəbər verir ki, bu fikirləri “Neftçi”nin futbolçusu Sabir Buqrin ölkəsinin mətbuatına açıqlamasında “ağ-qaralar”a keçidi barədə danışarkən deyib.

Belçikalı yarımmüdafiəçi ötən yay flaqmanla yanaşı, daha bir neçə klubdan təklif aldığını bildirib: “Onların arasında “Lyers” komandası da var idi. Amma həmin vaxt tam olaraq, koronavirus böhranının içində idik və “Neftçi” daha konkret təklif irəli sürmüşdü. Özümə güvənib, idman baxımından irəli addım atmağı seçdim”.

“Neftçi”nin son illər daim Avropa Liqasında çıxış etdiyini xatırladan 24 yaşlı oyunçu ikinci təsnifat mərhələsində Türkiyənin “Qalatasray” komandası ilə keçirdikləri matça toxunub: “Təəssüf ki, qrupa düşə bilmədik. Çünki ikinci təsnifat mərhələsində ən yaxşı klublardan biri ilə qarşılaşdıq. Amma gələn mövsüm yeni şansımız olacaq. Kim bilir, bəlkə yerli çempionatda daha yaxşı nəticə əldə edəcəyik”.

Azərbaycan Premyer Liqasının formatından da söz açan Buqrin mövsüm ərzində eyni komanda ilə 4 dəfə üz-üzə gəldiklərini söyləyib: “Komandalar turnir cədvəlində xal baxımından bir-birinə çox yaxındır. Amma düşünürəm ki, çempionluq uğrunda əsas mübarizə “Qarabağ”la “Neftçi” arasında gedəcək. Düzdür, son oyunda əsas rəqibimizə 0:6 hesabı ilə uduzduq (gülür – red.). Amma iki komanda arasında ciddi keyfiyyət fərqi hiss olunmadı. Çünki ilk dövrədə də biz onları səfərdə 2:1 hesabı ilə məğlub etmişdik”.

Yarımmüdafiəçi gələcəkdə İspaniya La Liqasında oynamaq istədiyini vurğulayıb: “Düşünürəm ki, “Neftçi”yə keçmək düzgün addım idi. Hazırkı vəziyyət məni tam qane edir. Ümid edirəm ki, nə vaxtsa İspaniya çempionatında çıxış edəcəyəm. La Liqa arzularımın çempionatıdır. “Düdelanj”ın heyətində “Sevilya”ya qarşı oynamışam. Görünür, ötən mövsüm mənim üçün daha yaxşı keçib”.

Bakıdakı həyat tərzi barədə də danışan futbolçu şəhərdə futbol üçün fantastik şəraitin yaradıldığını qeyd edib: “Bakı müasir şəhərdir. Buranı tanımırsınızsa, özünüzü Dubayda hiss edə bilərsiniz. Yeganə çatışmazlıq bu həftədən başlayan sərt karantin tədbirləridir. Yoluxma sayı yenidən artdığı üçün bu addımı atdılar. Virus məndən də yan keçmədi. Milli komandaların oyunları ilə bağlı fasilədən sonra bəzi yığma üzvlərimiz düşərgəyə yoluxmuş şəkildə qayıtdılar. Virus paltardəyişmə otağımızda yayıldı. Bu həftə növbəti dəfə test nəticəm mənfi çıxdı. Amma ilk bir neçə gün çox çətin keçdi. Gülmək üçün heç bir səbəb yoxdur. Hələ də virusa şübhə ilə yanaşanlar üçün deyirəm ki, bu, zarafat deyil. Ən yaxşısı tələblərə əməl etməkdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button