“Bunun səbəbini hələ də başa düşə bilmirəm” – Adrian Mutu
“Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 13-cü turunda doğma meydanda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın rumın baş məşqçisi 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bizim üçün çətin oyun oldu. Matça istədiyimiz kimi başladıq. İkinci yarıda rəqib komanda qapımıza qollar vurdu. Sonluq da hamıya bəllidir. Hər zaman məqam gəlir ki, qalib gələk, bir addım da irəli gedək. Bunu bacara bilmirik. Hələ də başa düşə bilmirəm ki, necə olur, bu komanda səfərdə qalib gəlir, evdə bunu təkrarlaya bilmirik. Başa sala bilmirəm, nə baş verir. Səfərdə 14 xal qazanmışıq, evdə qalib gələ bilmirik. Halbuki, həm ev, həm də səfərdə tələblərimiz eyni olur. Deyəsən evdə azarkeş amili rol oynayır. Deyim ki, təzyiq var, bu da yoxdur. Çalışacağıq ki, bunların öhdəsindən gələk. Səfər oyunlarında işləri istədiyimiz kimi alındıra bilirik. Xüsusən də, təcrübəli oyunçulardan, hücumdakı futbolçulardan daha artığını gözləyirəm. Oyunboyu duellərin hamısında uduzduq. Bəlkə də onun nəticəsində məğlub olduq.
Demişdim ki, yeni komanda qurulur, yeni komandada enişli-yoxuşlu gedir hər şey, nəticələr də fərqli ola bilər. Hazırda başa düşə bilmirəm ki, nə baş verir. Ev və səfər oyunlarımız arasında böyük fərq var. Əksinə olmalıdır. Çünki evdə oynayırsan, doğma meydançandır, özünü daha çox qorunmuş hesab etməlisən. Məni bu amil narahat edir. Futbolçuları da həmçinin. Onlar başa düşməlidir ki, “Neftçi” kimi komandada oynayırlarsa, daha çoxunu verməlidirlər. Görünür ki, bu, kifayət etmir.
Mənim oyunçularım Samir Abasov tərəfindən davamlı olaraq təhqir olunurdu.Bu, ucuz şoudur, şərh etmək istəmirəm. İlk dəfə deyil ki, təkrarlanır. Sumqayıtda da rəqibin baş məşqçisi belə edirdi. Baş məşqçidir, nümunə olmalıdır oyunçulara. Rəqibə təhqirdən istifadə etməməlidir. Futbol fair-pleyi sevir. Qalib də gəlmək olar, uduzmaq da. Əsas odur ki, bunu necə edirsən.
Azarkeşlər öz fikirlərini ifadə etməkdə sərbəstdirlər. Bu barədə bir söz deyə bilmərəm. Əgər kimsə düşünür ki, ən böyük problem məndədir, onlar fikirlərini ifadə etməkdə sərbəstdirlər. Bütün məsuliyyəti üzərimə götürürəm”.
Bizi Facebook-da izləyin