“Bunun qarşısı alınmasa, burada çox qalmayacam” – Ayxan Abbasov
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 13-cü turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çətin oyun olacağını bilirdik. Rəqibi təbrik edirəm. Həm daha istəkli idilər, həm də onlarda hər şey alındı. Çempionat uzun marafondur, belə oyunlar olur. Köklənirsən, qələbə qazanmaq istəyirsən. Amma həm tez qollar buraxdıq, həm də sadə səhvlər etdik. Toparlanmalıyıq. İtkilərimiz də var idi. Ancaq bəzi oyunçular belə görüşlərdə “artırmalıdırlar”. Onların üzərinə məsuliyyət düşür, şans verilir.
Tez qol buraxmağımız tələsməyimizə səbəb oldu. İstədiyimiz epizodlar oldu. Təəssüf ki, sonluq çatmadı. Birinci hissənin sonuna bir dəqiqə qalmış qol buraxdıq. Bu, bir az pis təsir elədi. İkinci hissədə dəyişikliklər elədik. Həftəboyu başqa cür hazırlaşırsan, futbolda isə istəmədiyin hallarla üzləşə bilirsən. Risk etmək lazım idi. Hücumameyilli oyunçuları meydana buraxdıq. Hesab rahat futbol oynamağımıza imkan vermədi.
Üç cinah oyunçumuz zədəlidir. İmeda Aşortiyanı məcburiyyətdən cinahda oynatdıq. Onu da ikinci hissədə hücuma atandan sonra Vüsal Məsimovdan başqa, cinahda oynadacaq futbolçu yox idi. Bizi təcrübə uduzdurmadı. Rəqib istəkli idi. “Şamaxı” artıq neçə matçdır ki, istəkli çıxış edir. Bu gün bizdə fərdi keyfiyyətləri ortaya qoymaq çatmadı. Bəlkə də, qol buraxmasaydıq, daha rahat oyunumuzu göstərəcəkdik. Amma alınmadı.
Mən bura gələndə ilk sözüm o olmuşdu ki, səbirli olaq. Biri var klubun azarkeşi, biri də var tamaşaçı. Tamaşaçı ayda bir dəfə stadiona gəlir, bu da normaldır, başa düşürük. 12 oyun keçirmişik, çətinliklərlə vuruşa-vuruşa gəlmişik. Bu çətinlikləri bilib gəlmişik, kömək etmək istəyirik. Səbirsiz olsalar, gələcəkdə mən də öz qərarımı verə bilərəm. Bu gün əlimdə elə böyük heyət, büdcə yoxdur ki, hər komandaya qarşı başabaş mübarizə aparım. Bir oyun, iki oyun… Bunun qarşısı alınmasa, yəqin ki, burada çox qalmayacam. Kimsə özünü hazır sayırsa, işi bu gün canla-başla təhvil verə bilərəm”.
Bizi Facebook-da izləyin