“Bunu bacardıq” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqasının 12-ci turu çərçivəsində doğma meydanda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çox gərgin, dramatik oyun idi. Komanda xarakter göstərdi. Nəticə ikinci plandadır. Əsas futbolçular sağlam olsun. İlk yarıda oyun “Turan Tovuz”un, ikinci hissə bizim tərəfimizdə idi. İlk yarıda futbolçular panikadaydı, ritmdən düşmüşdülər. Fasilədə sakit formada danışdıq. Bunu bacardıq. Beyin sakitləşəndən sonra bədən istədiyini edə bilir. Çox yaxşı oynadıq fasilədən sonra. “Turan Tovuz” da yaxşı oynadı. Gözləməzdim ki, ilk yarıda belə aqressiv olarlar. Onlara uğurlar arzulayıram. Komandama təşəkkür edirəm ki, döyüşdülər, özlərində güc tapdılar. Bir çox qol epizodlarımız da var idi. Layiqli qələbə qazandıq, təsadüfən yox. 12-ci turdur, hər oyunda qol vurmağa çalışırıq. Hücumda çoxluq varsa, müdafiədə azlıqda qalmağa məhkumuq. Çox qol buraxmağımız da bununla bağlıdır.
Əvəzetmələrimiz bitmişdi. Hər biri də əsas oyunçularımızdır. Müdafiədə itkilərimiz çoxdur. Gözləyirik ki, ikinci dövrə tez bitsin və buna əncam çəkək. Limitə düşənləri itirmək olduqca çətindir. Karyeramda belə gərgin, xarakterli, itkili, dramatik oyun olmayıb. Yadıma gəlmir belə oyun.
Hakim VAR-a baxanda mən də baxdım, top Səlahət Ağayevin dizinə dəydi, sonra əlinə. Başına dəyib, əlinə dəyirsə, sarıdır. Dərhal əlinə dəysəydi, qırmızı vərəqə olacaqdı”.
Bizi Facebook-da izləyin