“Bunlar da bir bəhrə verməyəcəyi halda, kollektiv ölüm aclığı aksiyasına başlayacaq” – Müsahibə
KİVDF-nin bir neçə qəzetlə əməkdaşlığı dayandırdığını, bu qəzetlərin içərisində “Futbol+”in də olduğunu xəbər vermişdik. Bu gün isə “Futbol+” kollektivi aksiya keçiriblər.
Komanda.az xəbər verir ki, nəşrin baş redaktoru Mahir Rüstəmli aksiya zamanı jurnalistlərin suallarını cavablandırıb.
– Bu bizim ilk etiraz aksiyamızdır. Təəssüflər olsun ki, ölkənin ən populyar idman nəşri maliyyələşmədən kənardadır. Heç bir əsas göstərmirlər. Yalançı bir əsasları var ki, ictimai-siyası yayımları maliyyələşdirirlər. Təbii ki, bu bizə qurama təsiri bağışlayır. Ona görə ki, onların maliyyələşdirdiyi “Oxu məni”, “Biznes tayms”, “Hərbi and” qəzetlərinin ictimai-siyasiliyə heç bir dəxli yoxdur. Biri hərbidir, o biri iqtisadi mövzular üzrə ixtisaslaşır. Digəri “Oxu məni” isə şou-biznes qəzetidir. Ona görə də, bu, yalnız “Futbol+”in media bazarından sıxışdırılıb çıxarılmasına yönəlmiş bir addımdır. Bir qəzeti çökdürmək üçün edilmiş addımdır. Biz də bu ədalətsizliyə, haqsızlığa etiraz edirik. Nə mümkündürsə, edəcəyik ki, haqqımız bərpa olunsun.
- Maliyyə bu ildən ayrılmayıb sizə?
– 2019-cu ilin 2-ci rübündən. 2-ci rüb aprel və iyun aylarını əhatə edir. Maliyyələşəndə belə, yeganə gündəlik qəzet idik ki, hamıdan az maliyyə ayrılırdı bizə. Başqalarına 60 min, 80 min, ən azı 40 min ayrıldığı halda, bizə maksimum, yarım il ərzində 30 min manat vəsait ayrılırdı. Təbii ki, bütün hallarda da haqqımız pozulub. Bunun üstündən keçmişik. O biri qəzetlərdən fərqli olaraq, bizim oxucumuz var. Buna görə də, bizə ayrılan maliyyə kifayət edir ki, işimizi quraq, əməkdaşlarımıza məvacib verə bilək. Belə namərd qərarla, ayrı-seçkilik etməklə, prezidentin siyasətinə zidd getməklə, bizim həm insan, həm də jurnalist hüquqlarımız kobud şəkildə pozulur.
- 2019-cu ilin birinci rübündə maliyyə ayrılıbmı?
– Bəli. 15 min manat, hər aya 5 min. Lakin indi elə qəzetlərə pul ayırıblar ki, adam qalır belə. Mən bu gün də iddia edirəm ki, “Futbol+” ölkənin qəzet bazarında bütün hallarda ilk 3-lükdədir. İstənilən yayım firmasına yaxınlaşaq, bizim qəzet satışına, tiraj bazarına görə ilk 3-lükdədir. Lakin bizim haqlarımız pozulur.
- Tək sizin qəzetdirmi kənarda qalan?
– Demək olar bizik. 7 qəzet kənarda qalıb, onlardan 4-ü onsuz da fəaliyyətini dayandırmışdı. Burda “Futbol+qol” qəzeti var ki, ümumiyyətlə qəzetdən daha çox divar qəzetinə bənzəyir. Və bunu hər kəs də bilir. Həftədə 3 dəfə çıxmasına baxmayaraq, 40 min – bizdən 10 min daha çox pul alırdı. Maliyyə dayanan kimi, onlar da fəaliyyətini dayandırdı. Onlarda kollektivlik yoxdur, olsaydı, gəlib bizim kimi etiraz edərdilər. Burdan da görünür ki, onlar KİVDF-yə bağlıydı ki, heç bir etiraz da etmədilər.
- Qəzetinizin tirajı hazırda nə qədərdir?
– Bu gün 2000, 2000-dən yuxarıdır. Ayrı-ayrı sayların fərqi var.
- Satış bəs necə?
– 60-70 faiz.
- Satış nöqtələri demək olar ki, sıradan çıxıb. Artıq metrolarda və başqa yerlərdə də satışa imkan verilmir. Bunlar bərpa olunsa, qəzet özünü doğrulda biləcəkmi?
– 2013-cü ildən bəri metroda qəzet satışına qadağa qoyulub. Təbii ki, bu da ədalətsiz qərardır. Ən azı satışa 15-20 faiz mane olan amildir bu. Çox təəssüf ki, hər şeyi fikirləşirlər, qəzetin pulun kəsməyi düşünürlər, ancaq metroda qəzet satışı təklifiylə bağlı heç bir qərar qəbul olunmur. Bu yolda çalışmaq istəyən ayrı-ayrı firmalar, insanlar var. Ancaq bunların heç birinə icazə verilmir.
- Sizcə, buna səbəb nədir?
– Bunu demək mənə çətindir. Sanki mediaya nəzarət etmək istəyirlər. İstəmirlər azad media olsun, medianın öz bazarı, tirajı yüksək olsun. Necə anlamaq olar ki, ən çox insanların sıx hərəkət etdiyi yerdə, metroda qəzet satışına qadağa qoyulsun. Bunu başqa heç cür anlamaq olmur.
- Sizə maliyyə ayrılmamağına səbəb nədir?
– Bir daha deyirəm ki, bizi qəzet bazarından sıxışdırıb çıxarmaq. Bunda da birbaşa KİVDF rəhbərliyi maraqlıdır. Vüqar Səfərli və onun ətrafındakılar maraqlıdır. Onlara da göstəriş başqa şəkildə verilib. Deyiblər ki, normal nəşrlərlə, tirajı və satışı olan nəşrlərlə başqaları arasında fərq qoyun. Bunlarsa, belə hesab edir ki, “Futbol+”i sıradan çıxarmaq ən asan yoldur. Çünki bizim kollektivimizdən başqa arxamızda heç kim yoxdur. Nə siyasi bir qüvvəyə bağlıyıq, nə bir oliqarxa. Bu kollektiv özü qəzeti maliyyələşdirir.
- KİVDF neçə il idi sizi maliyyələşdirirdi?
– Son 5 ildə maliyyə ayrılıb. Başqalarına 10 ildir. Artıq KİVDF-nin 10 yaşı tamam oldu, yeri gəlmişkən, onları bu münasibətlə təbrik etmirik. Uğursuzluqlar arzulayırıq. Bizi sıradan çıxarırlarsa, yüksək tirajı, oxucusu olan qəzetə bunu edirlərsə, onlara heç bir uğur arzulamıram.
- Vüqar Səfərli ilə görüşmüsüzmü?
– Ona rəsmi müraciət etmişik. Onun verdiyi cavab da qeyri-rəsmi söhbətlərdir. Cavab odur ki, Müşahidə Şurası qərarı verib. İctimai siyasi qəzetlərə maliyyə ayırırlar, onların da səhv olduğunu bayaq qəzet adları çəkərək, sübut etdim. Qeyr-rəsmi söhbətlərdə də deyilir ki, guya yuxarıdan gələn göstərişdir ki, yalnız ictimai-siyasi nəşrlər maliyyələşdirilsin.
- Başqa nə addıma atmağı düşünürsüz?
– Bundan sonra prezident aparatının qarşısına gedəcəyik. Daha sonra ABŞ-ın Azərbaycandakı səfirliyinin qarşısına gedəcəyik. İnsan hüquqları və demokratiya ilə məşğul olan müstəqil, qeyri-hökümət təşkilatlarına müraciət edəcəyik. Bunlar da bir bəhrə verməyəcəyi halda, kollektiv ölüm aclığı aksiyasına başlayacaq.
- Kollektiv neçə nəfərdir?
– Texniki işçiləri də nəzərə alsaq, 20-yə yaxın adam var.
- Ölkə başçısına müraciət etmisizmi?
– Belə düşünürəm ki, etdiyimiz müraciətlər ölkə başçısına çatdırılmır. Ortada olan adamlar, hansı ki, bu qarışıqlığın yaranmasını, prezidentin imicinin zədələnməsini istəyir, həmin adamlar istəmir ki, bizim müraciətlər prezidentə çatsın.
- Hesab edirsiz ki, bu, prezidentə qarşı bir sabotajdır?
– Bəli. Prezidentin Azərbaycanı idman ölkəsinə çevirmək siyasətinə ziddir. Onun iradəsinin əleyhinədir. Belə həssas məqamlarda, hansı ki, prezident islahatlar aparır, dövlət və xalq arasında təmaslar var, sırf burda bizə qarşı sabotajdır. İlk növbədə də prezidentə qarşı sabotajdır. Və ən əsası, “Futbol+”i sıradan çıxarmağa hesablanıb.
- Son müsabiqəyə hansı layihəni təqdim etmisiz?
– “İlham Əliyev – Azərbaycan idman uğurlarının bələdçisi” adlı layihə idi. Və bu layihəni də prezidentin yanında olan KİVDF qəbul etmədi.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin