Bundesliqa klubundan daha iki transfer
Almaniyanın “Bohum” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin “Şeffild Yunayted” klubundan Lis Musseni, “Union Berlin”dən isə Dominik Hayntsı heyərinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Dominik Haynts 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Azad agent kimi transfer olunan Lis Musse ilə isə 2 illik müqavilə imzalanıb.
Lis Musse 2019-cu ilin yayından “Şeffild Yunayted”də çıxış edirdi. Fransadan olan 26 yaşlı forvard bu ilin əvvəlində İtaliyanın “Salernitana” klubunda icarədə də oynayıb. Fransanın U-21 yığmasının sabiq hücumçusu vaxtilə ölkəsində yetirməsi olduğu “Havr”da, həmçinin “Bornmut”da da forma geyinib.
Dominik Haynts isə bu ilin yanvar ayından “Union Berlin”də çıxış edirdi. Almaniyadan olan 29 yaşlı futbolçu bu komandada cəmi 9 matça çıxıb. Mərkəz müdafiəçisi daha öncə “Kayzerslautern”, “Köln” və “Frayburq”da da oynayıb, Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında forma geyinib.
“Union Berlin” gənc yarımmüdafiəçisi Lourens Deli də İrlandiyanın “Bohemians” klubuna icarəyə verib. 20 yaşlı alman futbolçu da mövsümün sonuna kimi icarədə olacaq. O, 2020/21 mövsümündə də “Halleşer”də icarədə oynayıb.
Berlin klubu 30 yaşlı hücumçusu Andreas Folqzammeri də İngiltərənin “Milluoll” klubuna satıb. Transferin detalları və tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb. Təcrübəli forvard əvvəllər “Arminiya” (Bilefeld), “Haydenhaym”, “Karlsrue”, “Rozenhaym” və “Unterhaxinq”də də forma geyinib.
“Bohum” isə bir futbolçusu ilə yeni müqavilə imzalayıb. Yarımmüdafiəçi Gerrit Holtmann 3 illik yeni sözləşməyə imza atıb. 27 yaşlı vinger 2020-ci ildən bu komandada çıxış edirdi. O, Bundesliqa klubunda keçirdiyi 2 mövsüm ərzində 66 oyuna 10 qol vurub. Yarımmüdafiəçi əvvəllər “Paderborn”, “Maynts” və “Ayntraxt” (Braunşveyq) klublarının da uğurları üçün çalışıb.
Bizi Facebook-da izləyin