Bundesliqa klubunda Roxel gəldi, Pyontek icarəyə göndərildi
Almaniyanın “Herta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa klubu uruqvaylı müdafiəçi Aqustin Roxeli transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu “Estudiantes”dən transfer olunub. “Herta” bu keçidə görə Argentina klubuna cəmi 400 min avro ödəyib. Futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Aqustin Roxel 2021-ci ilin əvvəlindən “Estudiantes”də çıxış edirdi. O, daha öncə ölkəsində “Nasyonal”ın, Rusiyada “Krılya Sovetov”un, Fransada “Tuluza”nın da uğurları üçün çalışıb.
“Herta” hücumçusu İshak Belfodillə də yollarını ayırıb. 30 yaşlı forvard azad agent kimi Qətərin “Əl-Qarafa” klubuna transfer olub. O, ötən ilin yayından oynadığı Bundesliqa təmsilçisində 28 oyuna 5 qol vurub. Əlcəzairli futbolçu daha öncə “Olimpik” (Lion), “Bolonya”, “Parma”, “İnter”, “Livorno”, “Baniyas”, “Standard”, “Verder” və “Hoffenhaym”da da oynayıb. O, Əlcəzair yığmasında 17 oyuna 2 qolla yadda qalıb.
“Herta” müdafiəçisi Fredrik Byorkanı “Feyenoord”a, Kşiştof Pyonteki də “Salernitana”ya icarəyə göndərib. Hər iki futbolçu mövsümün sonuna kimi icarədə oynayacaq.
Fredrik Byorkan peşəkar karyerasına yetirməsi olduğu “Bodo Qlimt”də başlayıb. Norveçdən olan 24 yaşlı sol cinah müdafiəçisi bu ilin yanvar ayında “Herta”ya keçmişdi. O, Bundesliqa təmsilçisinin heyətində 10 oyuna çıxıb. “Feyenoord”un yeni futbolçusu Norveç yığmasında da 6 oyun keçirib.
Kşiştof Pyontek isə “Herta”ya 2020-ci ildə “Milan”dan gəlib. Polşalı forvard Bundesliqa təmsilçisində 58 oyun keçirib, 13 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Pyontek ötən mövsümün ikinci dövrəsini də icarə əsasında İtaliyada – “Fiorentina” komandasında keçirib. O, daha öncə bu ölkədə “Milan”la yanaşı, “Cenoa”nın da uğurları üçün çalışıb. 27 yaşlı futbolçu Polşa yığmasında 23 oyuna 10 qol vurub.
Yeri gəlmişkən, “Salernitana” Pyonteklə yanaşı, daha bir polşalı futbolçu transfer edib. Bu, “Cenoa”dan alınan sol cinah müdafiəçisi Pavel Yarojinskidir. 27 yaşlı futbolçu 2019/20 və 2021/22 mövsümlərini də icarə əsasında məhz “Salernitana”da keçirib. Lakin sözügedən klub bu yay onun transfer hüquqlarını da alıb və 2 illik müqavilə bağlayıb. Maraqlıdır ki, “Salernitana” müdafiəçini transfer etdikdən sonra onu Polşanın “Krakoviya” klubuna mövsümün sonuna kimi icarəyə verib. Məhz “Krakoviya”nın yetirməsi olan Yarojinski, İtaliyada “Kyevo” və “Peskara”nın da uğurları üçün çalışıb.
“Salernitana” Mişel Kavion, Vaydi Kexrida və Edoardo Verqani ilə də yollarını ayırıb. Mişel Kavion bu kluba ötən ilin yatyında gəlsə də, forma şansı qazanmayıb. İtaliyadan olan 27 yaşlı yarımmüdafiəçi ötən mövsümün ilk dövrəsini “Breşiya”da, ikinci dövrəsini isə “Viçentsa”da icarədə keçirib. O, “Salernitana”dan ayrıldıqdan sonra da məhz “Viçentsa” ilə 3+1 illik müqavilə bağlayıb. Yarımmüdafiəçi əvvəllər “Recciana”, “Kremoneze”, “Karrareze”. “Askoli” kimi klublarda da forma geyinib.
Vaydi Kexrida da “Salernitana”ya ötən yay cəlb olunmuşdu. Tunisdən olan sağ cinah müdafiəçisi bu komandada 17 oyun keçriib. O, bundan sonrakı karyerasını Yunanıstanın “Atromitos” klubunda davam etdirəcək. Tunis millisində də 8 oyun keçirmiş 26 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb.
Milan “İnter”inin yetirməsi olan Edoardo Verqani də “Salernitana”ya ötən yay transfer olunmuşdu. Lakin 21 yaşlı forvard bu komandada çox az oyun ekeçirib. 2020/21 mövsümündə “Bolonya”da da oynamış Verqani, “Peskara”ya satılıb. Lakin klubun bu transferdən nə qədər qazandığı açıqlanmır.
Bizi Facebook-da izləyin