Bundesliqa klubunda iki yeni futbolçu, bir ayrılıq
Almaniyanın “Auqsburq” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi hücumçu Ermedin Demiroviçlə yarımmüdafiəçi Elvis Rexbeçayı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Frayburq”dan azad agent kimi gələn Demiroviçlə 4 illik müqavilə imzalanıb. “Volfsburq”dan 1.7 milyon avroya transfer edilən Rexbeçay da yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
Ermedin Demiroviç 2020-ci ildən “Frayburq”da çıxış edirdi. O, bu komandada keçirdiyi iki mövsüm ərzində 69 oyuna çıxıb, 8 qol vurub. Almaniyada dünyaya göz açmış bosniyalı futbolçu daha öncə “Leypsiq”, “Alaves”, “Soşo”, “Almeriya”, “Senkt Qallen” kimi klubların da formasını geyinib. 24 yaşlı forvard Bosniya və Herseqovina yığmasında 13 oyuna çıxsa da, fərqlənə bilməyib.
Elvis Rexbeçay isə “Volfsburq”un öz yetirməsidir. 24 yaşlı yarımmüdafiəçi son iki mövsümdə “Köln” və “Bohum”da icarədə olub. O, doğma klubunun əsas komandasında 32 oyun keçirib, 2 qol vurub.
“Auqsburq” hücumameylli yarımmüdafiəçisi Yan Moraveklə də yollarını ayırıb. 32 yaşlı futbolçu azad agent kimi “Bohemians”a keçib. Hansı ki, çexiyalı futbolçu peşəkar karyerasına məhz bu komandada başlayıb. 2012-ci ildən “Auqsburq”un uğurları üçün çalışan Moravek, bu komandada cəmi 71 oyuna çıxıb, 2 qol vurub. O, Almaniyada “Şalke” və “Kayzerslautern”in də formasını geyinib. Yarımüdafiəçi Çexiya yığmasında 3 oyuna çıxıb.
Auqsburqlular mərkəz müdafiəçisi Feliks Götseni də “Rot Vays Essen”ə icarəyə veriblər. 24 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi icarədə olacaq. “Bayern”in yetirməsi olan almaniyalı müdafiəçi 2018-ci ildən “Auqsburq”da çıxış edir. Lakin bu klub onu əvvəlki mövsümlərdə də “Kayzerslautern”ə icarəyə vermişdi.
Bizi Facebook-da izləyin