Bundesliqa klubunda bir ayrılıq, üç yeni futbolçu
“Auqsburq” heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi müdafiəçi David Çolina, həmçinin hücumçular – Kelvin Yeboa ilə İrvin Kardonanı heyətinə qatıb.
Yeboa İtaliyanın “Cenoa” klubundan bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. Əslən Qanadan olan italiyalı futbolçu 2022-ci ilin yanvar ayından “Cenoa”da forma geyinir. 22 yaşlı hücumçu bu komandada 31 oyuna 1 qol vurub.
Çolina Xorvatiyanın “Hayduk” (Split) klubundan transfer olunub. 22 yaşlı sol cinah müdafiəçisi ilə 2027-ci ilin 30 iyununa qədər müqavilə imzalanıb. Almaniya klubu xorvatiyalı futbolçunun transferi üçün Split təmsilçisinə 300 min avro ödəyib. O, 2019-cu ilin yayından formasını geyindiyi “Hayduk”da 109 oyuna 3 qol vurub.
Kardona isə Fransanın “Brest” klubundan 500 min avro qarşılığında transfer olunub. Fransadan olan 25 yaşlı forvard yeni klubu ilə 2027-ci ilin 30 iyununa qədər müqavilə bağlayıb. “Monako”nun yetirməsi 2019-cu ildən formasını geyindiyi “Brest”də 106 oyuna 19 qol vurub.
“Auqsburq” öz hücumçusu Florian Niederlexneri isə “Herta”ya satıb. Klub bu transferdən 500 min avro qazanıb. Almaniyalı forvard yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb. Niederlexner 2019-cu ildən uğurları üçün çalışdığı auqsburqluların heyətində 107 oyuna çıxıb, 30 qol vurub.
Bizi Facebook-da izləyin