“İlk dəfə azərbaycanlı məşqçilərə dəstək oldum, onda da Diniyev açıqlama verir ki, əcnəbi gəlsin”
Bir neçə gün əvvəl Azərbaycan milli komandasında baş məşqçi postuna təyinat oldu. Yığmanın “sükan”ı xorvatiyalı mütəxəssis Nikola Yurçeviçə tapşırıldı.
Bu təyinat futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Tanınmış futbol azarkeşi İlqar Həmzəyev Komanda.az saytına açıqlama verərək, bu təyinatla bağlı fikirlərini bildirib:
“İki məsələyə görə açıqlama vermək istəyirəm. Dünən Avropa Liqasında keçirilən “Qalatasaray” – “Benfika” matçını izlədim. “Qalatasaray”ın start heyətində bütün futbolçular əcnəbi idi. Yəni, Türkiyə Futbol Federasiyası da bilir ki, milli səviyyədə uğur qazana bilməyəcək, ona görə də, əsas diqqəti klublara verir. İstəyirlər, “Qalatasaray” necə ki, UEFA kubokunu qazanmışdı, indi də heç olmasa, azarkeşlər əcnəbi futbolçular görsünlər. Hazırda nə Rusiyada, nə də Türkiyədə yaxşı futbolçu var. Bizdə də legioner limiti götürülməlidir ki, heç olmasa, klublarımız əcnəbi futbolçuların hesabına uğur qazana bilsin. Necə ki, “Qarabağ” vaxtı ilə qazanıb bu uğuru. Ona görə də, AFFA-dan xahişim odur ki, legioner limiti götürülsün.
İkinci məsələ isə Nikola Yurçeviçin milli komandaya baş məşqçi təyin olunmasıyla bağlıdır. Düzdür, AFFA Yurçeviçin təyinatıyla bizə nəsə vəd edir, ancaq bir azarkeş kimi buna inanmıram. AÇ-2020-nin seçmə mərhələsində çox ağır qrupa düşmüşük. Ağır qrupa düşməsək belə, bizim futbolçular Avropada oynamır, çempionatımızın səviyyəsi aşağı, klublarımızın sayı az. Bunlarla necə qələbə qazanmaq istəyirlər, bilmirəm. Hər halda, bir şey təsəlli verir ki, az ödənişli məşqçi gətirildi. Bildiyimə görə, Yurçeviç Robert Prosineçkidən qat-qat ucuz qiymətə gəlib. Həm də, cavan məşqçidir. Ancaq AFFA bizi aldatmasın ki, uğurlarımız olacaq. Yurçeviçə 2 il də, lap 3 il də vaxt verilsə, yenə milli komanda uğur qazana bilməyəcək. Bizdə milli səviyyədə uğur onsuz da olmayacaq. Biz azarkeşlər də istəyirik ki, əcnəbi futbolçular, məşhur komandalar görək. Amma yaxşı ki, tanınmış məşqçi deyil, özünü tanıtmaq istəyən məşqçi gətirdilər.
Əvvəl verdiyim açıqlamada demişdim ki, milliyə az ödənişli məşqçi gətirilsin. Fərqi yox idi, ya Şahin Diniyev, ya da Tərlan Əhmədov. Lazım idi ki, legioner limiti götürülsün ki, nə Şahindən, nə də Tərlandan nəsə tələb etməyək. Bundan sonra Şahin Diniyev açıqlama verir ki, “Azərbaycanda Qurban Qurbanovdan güclü məşqçi yoxdur. O getdisə, əcnəbi müəxəssisin gəlməsinin tərəfdarıyam”. Yaxşı, onda bəs biz, yerli mütəxəssislərə necə dəstək olaq? Mən ilk dəfə azərbaycanlı məşqçilərə dəstək oldum, onda da Şahin Diniyev açıqlama verir ki, əcnəbi gəlsin. Bunlar nə edir? Bu nə oyundur? Bundan sonra biz bir ola bilərikmi? Şahin Diniyev də başda olmaqla, Məşqçilər Komitəsi Qurban Qurbanovun arxasında durmalı idi. Deməliydilər ki, bizə əcnəbi mütəxəssis lazım deyil. Ancaq bunlar əcnəbi tərəfdarı oldu. Bundan sona mən lap şoka düşdüm. Elə buna görə də, bir də yerli mütəxəssislərin tərəfini saxlamayacam. Çünki mən onların tərəfini saxlayıram, onlar da əcnəbinin. Xətirlərinə dəyir dəysin, Azərbaycanda Qurban Qurbanovdan yaxşı yerli mütəxəssis görmürəm. Necə Lionel Messini deyirdilər ki, başqa planetdən gəlib, eləcə də Qurban Qurbanov da məşqçi kimi Azərbaycana başqa planetdən gəlib. Ondan başqa, Azərbaycanda heç bir məşqçiyə güvənmirəm və bundan sonra onları dəstəkləməyəcək. Onların tərəfini saxladım, olanları gördüm”.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin