Bu, xüsusi bir an idi – “Liverpul”un futbolçusu
“Liverpul”un braziliyalı futbolçusu Fabinyo komandadakı vəziyyəti ilə bağlı açıqlama verib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu son oyunlarda meydandakı mövqeyinin dəyişməsini belə şərh edib:
“Bir neçə həftə əvvəl bildim ki, belə bir seçim var. Çünki heyətdə bəzi zədəli futbolçular vardı və bizim yalnız iki mərkəz müdafiəçimiz hazır idi. Deyan Lovren zədələndiyi zaman mən bu mövqedə oynamağın məntiqli olacağını düşündüm. Oyundan əvvəl məşqlərdə bir neçə dəfə bu mövqe üzərində çalışmışdım. Həm “Vulverhempton”, həm də “Brayton”la oyunda yaxşı çıxış etdiyimi düşünürəm. Vircil Van Daykla yanaşı oynayırdım və o, hər zaman məni doğru yönləndirirdi. O, mənə çox kömək etdi. Ümumiyyətlə, bu mövqedə çox oynamasam da, uyğunlaşdığımı düşünürəm. Burda oynamağa davam edəcəmsə, öz üzərimdə daha çox çalışmalıyam”.
Braziliyalı futbolçu baş məşqçi Yurgen Kloppla münasibətləri haqqında da danışıb:
“Baş məşqçi ilə münasibətlərimiz yaxşıdır. O, hər futbolçu ilə fərqli şəkildə danışır. Oyunumuzu daha da inkişaf etdirəcək şeyləri yaxşı başa düşür və bizdən meydanda nə istədiyini deyir”.
Fabinyo, “qırmızılar”ın heyətində vurduğu ilk qolla bağlı təəssüratlarını da bildirib:
“İlk qol mənim üçün həqiqətən, çox xüsusi idi. Qol vurduğum zaman ailəmin olduğu yerə getdim, qol sevincimi onlarla bölüşdüm. Sonra isə futbolçularla bunu qeyd etdim. Bu, xüsusi bir an idi”.
Bizi Facebook-da izləyin