“Bu xırda məğlubiyyət “Qarabağ”ın sırada sizi gözləyən qələbəsinə nəfəs dərməsidir”
(Oxucu məktubu)
Zirvənin ucalığı, ya da müzakirəsi olmur. Olsa da, müzakirə edənin bu zirvəyə gərək boyu və haqqı çatsın. Əksi sadəcə mənə görə gərəksiz zamanalma, deyingənlikdir, vəssalam.
Firkimi çox uzatmadan söhbətin məğzinə keçim. Məsələ “Qarabağ” məsələsidir. Daha dəqiqi, “Qarabağ” futbol klubunu deyirəm. Tarixi, yaşananları, verilən mücadilələri, çəkilən əziyyətləri xatırlatmağa lüzum görmürəm. Konkret bugünkü reallıqdan danışıram. Reallıqsa budur ki, “Qarabağ” öz azarkeşinə illərdir onun gözlədiyi qalibiyyət həzzini, həyəcan və qürurunu yaşadır. Bunu danmaq mümkün və düzgün olmaz.
Fikrimi daha da dəqiqləşdirib, “Qarabağ”ın bu günlərdə Belçikanın “Gent” komandası ilə son oyunu və məğlubiyyətilə bağlı yazılan rəylərə münasibət bildirmək istəyirəm. Görünən budur ki, insanın xisləti qətiyyən dəyişməyəcək. “Gent”ə 0:1 hesabı ilə uduzan “Qarabağ”ı neçə gündür ki, tənqid edənlərədir sözüm. Axı həmin “Qarabağ”dır ki, cəmi bir neçə gün bundan öncə elə Bakıda “Gent”i məğlub edib, sizə möhtəşəm sevinc yaşatmışdı. Oyuna azarkeş kimi qatıldığıma görə deyirəm ki, “Qarabağ”ın orda bizə yaşatdığı həyəcanı və qələbənin sevincini sözlərlə ifadə etmək mümkün deyil. Komanda üzvlərinin usta oyunlarını izləyən də eyni tamaşaçıdır, Belçikadakı oyunu izləyən də eyni tamaşaçı. Dəyişən nədir ki? Uduzmaqmı? Amma burda həm də, ustaca oyun sərgiləmək reallığı da var axı! Və nəzərə alanda ki, bu gün “Qarabağ” artıq zəiflərin olmadığı bir mövqedə qərar tutub, demək hisslərinizi cilovlamalısız, əziz azarkeşlər! Bəlkə, qələbələrin sayı çox oldu? Bəlkə, siz də buna çox alışdız? Alışqanlıq ziyanlı hissdir, əziz azarkeşlər! Əsas olan gerçəklərdir! Və oyunlar da udmaq və uduzmaq üçündür. “Qarabağ” adı isə bu gün bütün hallarda qalib sözünün özüdür! Əminəm, siz də bilirsiz ki, bizə möhtəşəm qol həzzlərini yenə də “Qarabağ” yaşadacaq! Siz də ya stadiondan, ya da televizorun qarşısından “Eşq olsun, “Qarabağ!” deyib, sevinclə bağıracaqsız. İndi isə hisslərinizi bir azca cilovlayın, dəyərli azarkeşlər! Bu xırda məğlubiyyət “Qarabağ”ın sırada sizi gözləyən qələbəsinə nəfəs dərməsidir.
Və son olaraq bir məqamı da vurğulamağı vacib bilirəm. Cənab Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu ətrafında birləşib, hamımız bir hədəfə köklənməliyik! Onda qələbəmiz də əbədi olacaq!
“Qarabağ”, sən hər zaman qalibsən!
Fuad Səfərov
Bizi Facebook-da izləyin