“Bu vəsait dövlətin, xalqın puludur!” – Tahir Süleymanov
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında artıq iki oyun keçirib. Milli Qazaxıstana uduzubsa (0:2), elə də yaxşı olmayan oyunla Belarusla qolsuz heç-heçə edib.
Milli komandanın keçirdiyi iki oyun yenə tənqidlərə səbəb oldu və gələcəyə dair ümidlərin yersiz olduğuna işarə etdi. Komanda.az-a açıqlama verən “Neftçi”nin keçmiş vitse-prezidenti, sabiq FİFA referisi Tahir Süleymanov da milli komandaya boş yerə milyonlarla manat vəsaitin xərcləndiyi qənaətindədir:
“İllərdir eyni durum müzakirə edilir. 20 ilə yaxındır Torresdən, Foqtsdan tutmuş Yurçeviç, De Byaziyə kimi millinin baş məşqçiləri əlcək kimi dəyişdirilir. Bu siyahıya AFFA-nın milyonlar xərclədiyi lippertləri, stuxlikləri, milliləşdirilmiş əcnəbi futbolçuları da əlavə etsək, milyonlarla dollar deyil, 10 milyonlar, ümumilikdə isə 100 milyonlar edir. Bu vəsait dövlətin, xalqın puludur! Nəticə nəinki yoxdur, Azərbaycan futbolu elə vəziyyətə gətirilib ki, milli bir kənara, 8-10 komandaya keyfiyyətli yerli futbolçu tapılmır. Kağız üzərində 200 mindən çox futbolçu qeydiyyatdan keçirilib…”
Bəs çıxış yolu nədir?
Süleymanov hesab edir ki, milli komandanın baş məşqçiləri yox, ölkədə futbolu bu vəziyyətə salanlar müzakirə edilməli və təxirəsalınmaz addımlar atılmalıdır:
“Ölkə futbolunda dönüşün, dirçəlişin, inkişafın yaranması, yaradılması istənilirsə, De Byazi və ya hansısa, fərq etməz, yerli, gəlmə məşqçi(lər) yox, ümumi futbol sistemi, daha doğrusu, dağıdıcı sistemsizlik müzakirə edilməlidir. Daha neçə illər keçməlidir ki, Azərbaycan futbolunun problemləri millinin baş məşqçi məsələsi, dəyişdirilməsi anlayışı təfəkkürlərdən uzaq olsun, birdəfəlik silinsin?! Millinin məşqçisi, yığmanın nəticələri o vaxt müzakirə edilər ki, futbol mexanizmi konveyer kimi çalışsın, futbol sistemi yerində olsun. Vəziyyət o həddə çatıb ki, məğlub psixologiya futbolun iliyinə kimi yeridilib. Bu gün yox, dünən, 5 il, 10 il öncədən “yığmaya kim baş məşqçilik etməlidir?” müzakirələri aparılmamalı idi, futbolun Azərbaycanda tənəzzülünün, çökməsinin səbəbləri araşdırılmalı idi. Bu mövzuda fikirlərimizi əsaslandırıb dəfələrlə təhlillərimizi etmişik, jurnalistlər qəti mövqelərini bildiriblər, vəziyyətdən həqiqi çıxış yolları göstərilib. Təbii ki, analitik qabiliyyəti olan, işini bacaran, baş əyməyən mütəxəssislər AFFA ideoloqlarına sərf etmir və hər addımda qarşılarının alınması üçün istənilən yola əl atıblar, bu gün də eyni proses davam etməkdədir. Yenidən “məşqçi dəyişilməlidir, kim, əcnəbi və ya yerli olmalıdır?” müzakirələri 15 ildən çoxdur futbolu dağıdan cavabdehlərə, federasiya ideoloqlarına, bu durumu yaradanlara sərf edir, həqiqi səbəblərdən azarkeşləri yayındırır.
Son günlər futbolçu seçimləri, oyunlarla, heyətlərlə, De Byazinin taktiki gedişləri ilə bağlı çox fikir bildirilib. Təkrarçılığa ehtiyac yoxdur. Uşaq futbolunun ümumi durumu, “futbolçu yoxdur” deyimləri dillərdən düşmür. Millinin məşqçilərinə, AFFA-ya gətirilmiş əcnəbilərə, mənasız layihələrə xərclənən, xərclənmiş milyonlar futbolda lazımı səmtə yönəldilsəydi, xalqını, dövlətini, vətənini sevən bacarıqlı yerli mütəxəssislərə şərait yaradılsaydı, futbolda mövcud acınacaqlı vəziyyət yaşanmazdı. Ölkə futbolunu illərdir bu hala salan cavabdehlər müzakirə edilməli, köklü islahatlar aparılmalı, gec də olsa, illər itirilsə də, nəhayət ki, doğru yol seçilməlidir. Futbolda hər il beş ilə bərabərdir! Futbolun problemləri milli, baş məşqçi yox, şəxsi məqsədlərə qulluq edən futbol sisteminin özüdür, yararsızlığıdır! Azərbaycan futbolunu dirçəldə, Avropa və dünya çempionatlarının finallarına daşıya biləcək layiqli futbol adamları, məşqçilərimiz, mütəxəssislərimiz var! Yetər ki, düzgün seçimlər, addımlar atılsın!”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin