“Bu sözü hamının qarşısında deyirəm: “Kəpəz” Premyer Liqada qalacaq” – Tərlan Əhmədov

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyun haqda (0:2) danışıb.

Komanda.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Məğlubiyyət xoş deyil. “Qarabağ”la oyundan sonra komandada eyforiya var idi. Səhvlər var idi. Buraxılan qollar çox təsir göstərdi. Mübarizə apardıq. Rəqib bizdən daha istəkli idi. Acı məğlubiyyət yaşadıq. Düşdüyümüz vəziyyətdən özümüz çıxmağa çalışacağıq. 6-cı aydır ki, bu klubda çalışıram. Azarkeşlərin istefa tələbini başa düşmək olar. Komandanı istəyən də var, istəməyən də var. Təbii ki, bu, mənim üçün də xoş deyil. Səbrli olmaq lazımdır. Mənim qorxacağım hansısa məqam yoxdur. İki il işsiz qaldım və dünya dağılmadı. Mən bir günlə, bir oyunla yaşamamışam.

Mate təlim-məşq toplanışında da, “Qəbələ” ilə oyunda da, “Səbail”lə də, “Qarabağ”la da oyunda özünü yaxşı göstərdi. Nicatda qeyd etdiyim məqam hələlik yoxdur. Mateyə bu baxımından daha çox üstünlük veririk.

Kaş bu dünya düz olardı. Kaş hər şey ədalətli olardı. Türkiyədə olan faciəyə görə özümə gələ bilmiirəm. İnsanların həyatında olan acınacaqlı durumu görəndə özümə gələ bilmirəm. İnsan danışanda duyğulanır. Bəşər övladı düzəlmir.

Hər zaman kimdəsə səhv axtarırıq. Ola bilər ki, bu gün məni istəməsinlər. Gəncə futbolunda olanları açıb ortaya qoysam, çox ayıb olar. Futbol adına xoş olmaz. Ətrafımıza baxaq və hadisələri dəyərləndirək. Biz bu günlə yaşayırıq. Yavaş-yavaş çalışırıq ki, vəziyyəti düzəldək. Heç kim düşdüyümüz vəziyyəti, hansı problemlə yaşadığımızı bilmir. Komandanı dirçəltmək üçün çalışırıq. Məni buraya dəvət edən rəhbər var. Sabah da onunla görüşəcəm. Müəyyən məsələlər var ki, onları danışacağıq. İşimin üstündə danışmışam. Ümumiyyətlə, istefa haqqında düşünmürəm. İstefa versəm, çox adam ac qalacaq. Mənim özüm üçün də qaranlıq qalan məqamlar var. İstər-istəməz komanda bir-iki oyun yaxşı oynayanda hər kəs elə düşünür ki, hər zaman qələbə qazanmalıyıq. Burada yerlipərəstlik söhbəti gedir. Ümumiyyətlə, bir adam gəlib nə dəstək olur, nə də təbrik edir. Məşqçilər korpusu daima çalışır ki, komandanı bir tempdə saxlasın. Hər şey bəllidir. Mətbuata məlumatlar sızdırılır. Kimin bunu etdiyini də bilirik. Bu gün məğlub olmuşuq. Başda mən uduzmuşam. Baş verənlər təbii qarşılanmalıdır. 44 günlük müharibədə birlik nümayiş etdirdik, amma futbolda bunu bacara bilmirik. Klubda bir insan nankor olsa belə, onun çörək qazanmasına maneə ola bilmərəm. Mən xarakterimdə günah görmürəm. Klubda hazırda 25 futbolçu var, məşqdə 30 adam olur. Hamısı ilə münasibətim normaldır. Mən nankorluğu bağışlamıram. Kimsə baş məşqçinin arxası ilə danışırsa, hakim onu qovursa və mən onu komandadan uzaqlaşdıranda hamı gəlib deyir ki, Tərlan düz eləmir. İşin məsuliyyəti çoxdur. Futbolçu komandaya, müqaviləyə dəyər vermirsə, onu bağışlamıram. Mənim işimdə həmişə nöqsan tuturlar, amma ortaya bir fakt çıxara bilmirlər. Mən hamı ilə qardaşam. Mətbuat işçiləri ilə də münasibətim normaldır. Qısa müddətdə kimisə komandadan qovsam, deyəcəklər ki, Tərlan düz deyil. Biz inkişafdan danışırıqsa, düzgün iş getməlidir. Hamınız məni tanıyırsız. Bir adam deyə bilməz ki, Tərlan kiminsə işinə qarışıb və ya nədəsə düzgün bir şey etməyib. Mən özümü, xarakterimi düzgün formalaşdırmışam. Bu sözü hamının qarşısında deyirəm: “Kəpəz” Premyer Liqada qalacaq, amma mən burada olmaya bilərəm”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button