Abdullah, Abdullah, sehrliydi ayaqları – Yazı+Fotolar

“Zubirin əla tarazlığı var və hər iki ayağı ilə möhtəşəm oynayır. O, digər futbolçuları üzərinə çəkir, yanı ilə aparır və aldatmağı sevir. O, bu mövqedə oynayan digər futbolulardan fərqlənir”.

Bu sözləri irlandiyalı futbol mütəxəssisi Pet Fenlon “Qarabağ”ın oyunçusu Abdullah Zubir haqda bildirib. Mərakeş əsilli fransalı yarımmüdafiəçi sərgilədiyi oyunla, driblinqləriylə Azərbaycan çempionatında çıxış edən legionerlər arasında ən yaxşılardan olduğunu sübut edib.

2018-ci ilin yayında Fransanın “Lans” klubundan “Qarabağ”a keçən Zubir, artıq 3-cü ildir ki, Azərbaycanda top qovur. Yarımmüdafiəçi Ağdam təmsilçisinə keçərkən “transfermarkt”da dəyəri 1 milyon avro idi. Bu, onun “Qarabağ”a gələnə qədərki ən yüksək qiyməti idi.

“Köhlən atlar”da sərgilədiyi performansla bir ara dəyəri 1,6 milyon avroya qalxan Zubirin hazırki qiyməti portalda 1,2 milyon avrodur. O, Azərbaycanda olarkən Fransa və Türkiyə klublardan təkliflər alsa da, “Qarabağ”da qalıb.

Azərbaycana gəldiyi ilk vaxtlarda driblinqləri ilə rəqiblərini çaş-baş edən Zubirin oyunu qısa vaxtda azarkeşlərin də gözünü oxşadı. 29 yaşlı oyunçunun çıxışı bəzən rəqib baş məşqçilərin də narahatlığına çevrilir, mütəxəssisləri ona qarşı xüsusi oyun planı ilə meydana çıxmağa məcbur edir.

Hazırda “Neftçi”də baş məşqçilik edən Samir Abasov “Zirə”ni çalışdırdığı dönəmlərdə “Zubiri necə dayandırmaq lazımdır” sualına belə cavab vermişdi:

“Zubirə qarşı elə oynayardım ki, bir də mənə yaxınlaşmazdı”.

Zubir “Qarabağ”ın son dönəmdə Premyer Liqadakı çempionluqlarında və avrokuboklardakı uğurlu nəticələrində böyük pay sahiblərindən biridir. Yarımmüdafiəçi Konfrans Liqasının pley-off mərhələsinin “Aberdin”lə səfər matçında (3:1) iki məhsuldar ötürmə etmiş, bir qol vurmuşdu.

Fransalı futbolçu “Qarabağ”da ümumilikdə 123 rəsmi oyuna çıxıb. O, bu matçlarda 26 qol vurub, 36 məhsuldar ötürmə edib. Bu, Zubirin karyerası ərzində bir klubda göstərdiyi ən uğurlu statistikadır.

Zubir Ağdam təmsilçisi ilə avrokuboklarda 42 oyunda iştirak edib. Vinger Çempionlar Liqasında 14, Avropa Liqasında 22, Konfrans Liqasında isə 6 matça çıxıb. Zubirin avrokubok göstəricisi isə belədir – 7 qol, 10 məhsuldar ötürmə.

Azərbaycanda çıxış edən ən bahalı futbolçu olan Zubir həm də, oyun intizamı ilə fərqlənənlərdəndir. Belə ki, yarımmüdafiəçi “Qarabağ” karyerası ərzində cəmi 10 dəfə sarı vərəqə ilə cəzalandırılıb. Zubir heç vaxt “qırmızı” ilə meydandan qovulmayıb.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button