“Bu qələbə bizə əlavə güvən verəcək” – Bojoviç
“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın 27-ci turunun “Səbail”lə matçından sonra keçirilmiş mətbuat konfransında fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 3:0 hesablı qələbəni belə şərh edib:
“Bizim üçün çox vacib qələbə idi. Yaxşı başladıq. İlk qolu vaxtında vurduq və keyfiyyətli oynadıq. Mark Tamaşın zədələnməsi gedişatı bir az dəyişdi. Açıq oyun getdi. Hər iki komanda açıq futbol oynadı, hər iki komandada yaxşı məqamlar var idi. Bu qələbədən çox razıyam və inanıram ki, bu qələbə bizə əlavə güvən verəcək. Növbəti oyunlarda güvən artacaq. Hiss olunur ki, bəzən bizdə bu yöndə çatışmazlıq olur.
Son iki oyunda altı qol vurmuşuq. Vacib olan odur ki, hücumlar qurub, epizodlar yaradırıq. Müdafiədə problemlərimiz var. Bu isə sırf həmin mövqedə oynayan oyunçularla bağlı deyil. Komanda şəklində bunu yaxşı etməliyik. Ümid edirik ki, qarşıdakı fasilə bizə fayda verəcək.
İndi Azərbaycan futbolunu daha yaxşı tanıyıram. Çempionat olduqca çətindir. Bütün komandalar gözəl futbol göstərməyə çalışır. Pis futbol göstərən komanda yoxdur. Komandalar hücum etməyə çalışır. Hətta son yerdə qərarlaşan “Qəbələ” göstərdiyi oyun baxımından həmin o yerə layiq deyil. Çempionatın sonuna qədər hamı üçün çətin olacaq. İstənilən komanda digərinə qalib gələ bilər”.
Bizi Facebook-da izləyin