“…yəqin elə onunla da müqavilə imzalanacaq” – Yunis Hüseynov
Dünən UEFA Millətlər Liqasında 2020/21-ci il mövsümünün püşkü atıldı. Püşkün nəticəsinə görə, Azərbaycan millisinin rəqibləri Kipr, Lüksemburq və Monteneqro komandaları oldu.
Millinin turnirdəki şanslarını, rəqiblərə münasibətini öyrənmək üçün veteran futbolçu Yunis Hüseynovla əlaqə saxladıq. Hüseynov, rəqiblərin Azərbaycan millisi ilə bərabər səviyyədə olduğunu, qrupu lider kimi bitirməyin mümkün olduğunu bildirdi:
“Rəqiblər eyni səviyyədə olan komandalardır. Mənə elə gəlir ki, bu qrupda mübarizə aparmaq, hətta liderliyə yüksəlmək də mümkündür. Amma hər şey özümüzdən, komandanın futbolçularından asılıdır. Düzdür, keçən dəfə də Millətlər Liqasında ən zəif qrupa düşmüşdük, ordan çıxmağı bacarmadıq. Bu dəfə rəqiblərimiz olan Kipr, Lüksemburq və Monteneqro milliləri keçən dəfə qarşılaşdığımız yığmalardan səviyyəcə güclüdürlər. Amma şans var, eyni gücdə olan komandalarıq. Ümid edək ki, millimiz qrupda yaxşı oynayacaq.
Deməzdim ki, rəqiblər ayrı-ayrılıqda millimizdən qat-qat güclüdürlər. Qrupdakı komandalar arasında zəifi də yoxdur. Eyni səviyyədə, eyni tipdə komandalardır. Mənə elə gəlir ki, bu qrupda lider olmaq mümkündür. Hər zaman buna ümid edirik, amma hər şey komandanın üzvlərindən asılıdır. Ümid edək ki, komanda yaxşı nəticə göstərsin və lider kimi qrupdan çıxaq”.
Sabiq futbolçu, Nikola Yurçeviçlə yolların ayrılmasından sonra boş qalan baş məşqçi postu ilə bağlı da fikirlərini bölüşüb:
“Millinin rəqiblərinin baş məşqçi seçiminə təsir göstərəciyni düşünmürəm. Düşünürəm ki, yaxın bir həftə ərzində millinin yeni baş məşqçisi məlum olacaq. İndiyədək hansı məşqçiylə danışıqlar aparılırsa, yəqin elə onunla da müqavilə imzalanacaq”.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin