Bu oyunda kim uduzdu, kim uddu?
Vüqar Məmmədov
“Sabah” – “Neftçi” görüşündə hakim Vüqar Həsənlinin qərarları oyundan sonra xeyri müzakirə edildi. Bu matçda o, 3 penalti təyin etməklə, 3 qırmızı vərəqə göstərməklə və bir qolu ləğv etməklə böyük səs-küy yaratdı.
Fikrimcə, bu qərarlardan ikisi – “Sabah”ın qapısına təyin edilən birinci penalti və ofsayd kimi dəyərləndirilən Keysuke Hondanın qolu mübahisələndirilə bilər. Biz də əsasən bu iki epizodun üstündə dayanacağıq.
“Sabah”ın qapısına təyin olunan birinci penalti epizodunda Namik Ələskərova qarşı qayda pozuntusu var. Bu, müzakirə mövzusu deyil. Müzakirəyə səbəb pozuntunun cərimə meydançasının daxilində, yoxsa çöldə olmasıdır. Futbol oyununda belə bir bir qayda var ki, epizod cərimə meydançasından kənarda başlayıb davam edirsə və bu, cərimə meydançasında bitirsə, onda qərar penalti olmalıdır. 5-6 il öncəyədək qaydalar belə idi. İndi dəqiq bilmirəm, dəyişdirilib, yoxsa yox. Dəyişdirilməyibsə, bu qaydalar çərçivəsindən baxsaq, Bəhlulun Namikin belinə çıxdığı epizodun başlandığı an cərimə meydançasından kənardadır, amma bitdiyi an da xətdən çöldədirmi? Bunu dəqiq söyləmək olmur. Namik düşərkən cərimə meydançasına yıxılır. Şübhəsiz, “Neftçi”nin bombardirinin düşdüyü yer qayda pozulan yer deyir. Amma Bəhlul Mustafazadənin Namikə toxunduğu an da qaydanın pozulduğunun bitdiyi demək deyil. Proses bir neçə mikrosaniyə davam edir və bu bir neçə mikrosaniyə kifayət edə bilər ki, hərəkət cərimə meydançasına doğru getsin. Üstəlik, xəttin üzərində baş verən qayda pozuntusunun da penaltiyə aid olduğunu nəzərə alsaq, vəziyyətin hakim üçün nə qədər çətin olduğunu başa düşərik. Hələ bura əlavə etsək ki, qayda pozuntusu havada baş vermişdi, Vüqar Həsənli epizoda qarşı tərəfdən baxırdı, bu baxış nöqtəsindən isə hadisənin baş verdiyi yeri müəyyənləşdirmək çətindir, onda hakimin qərarına təsir edən amillərin kifayət qədər olduğunu deyə bilərik.
İkinci mübahisə doğuran epizod isə “Neftçi”nin vurduğu, lakin sayılmayan qol epizodudur. Bu vəziyyətdə hakimin köməkçisi epizoda yandan baxdığından, ofsaydda hesab edilən “Neftçi”nin futbolçusu Mamadu Mbodjun qapıçının görmə bucağını bağlayıb bağlamadığını, yəni aktiv, yoxsa passiv ofsaydda olmasını müəyyən etməkdə çətinlik çəkə bilər. Bunu müəyyənləşdirmək hündürdən baxmaqla, məsələn, çəkiliş kamerasının olduğu nöqtədən baxmaqla mümkündür. Bizim çempionatda isə VAR olmadığından, hakim bunu edə bilməz. Mövcud şərtlər daxilində, bir halda düzgün qərar vermək olardı ki, iki baxış istiqaməti bir fikir yaratsın. Yəni baş hakim köməkçisinə yaxınlaşmaqla epizodu müzakirə edib düzgün nəticəyə gələ bilərdi. Bunun isə gərgin keçən matçda xeyli həlledici qərarlar verən hakim üçün əlavə söz-söhbətə yol açacağı şübhəsiz idi. Hər halda, son nəticədə düzgün qərar vermək olardı.
Hakimin verdiyi digər qərarlar – top Hondanın əlinə dəyəndən sonra penalti, Bəhlul Mustafazadənin Anton Krivotsyuku dirsəklə vurmasından sonra penalti və ikinci “sarı”dan sonra “qırmızı” alması, Təmkin Xəlilzadənin “sarı”dan sonra aqressiv şəkildə etiraz edib “qırmızı” alması, hamısı zənnimcə doğru idi.
İlk baxışda elə görünə bilər ki, hakim oyuna nəzarəti itirmişdi. Amma belə deyil. Vüqar Həsənli bu oyunda ən azı 7 dəfə ağır qərar qəbul etdi. Hansı ki, bəzən elə oyunlar olur ki, bu qərarların hətta birinə belə, ehtiyac olmur. Bu baxımdan bu cür qərarlar verməsi hakimin emosiyalarına da təsir edə bilər, kənardan nəzarəti itirmiş kimi görünə bilən təsir yarada bilər. Məncə, hakim son anadək soyuqqanlılığını qoruya bildi, final fitinədək, hətta final fitindən sonra da qətiyyətini göstərdi.
Şübhəsiz, hakim də insandır və o da səhv edə bilər. Bildiyim qədəri ilə Avropada hakimi oyunda etdiyi səhvə görə cəzalandırmırlar. Bu yalnız bir halda baş verir ki, onun vicdanı təmiz olmasın. “Sabah” – “Neftçi” oyununda hakim Vüqar Həsənlinin vicdanlı olub-olmaması düşünürəm ki, müzakirə mövzusu deyil.
Düşünürəm ki, Vüqar Həsənli kimi hakimlər futbolumuza lazımdır. Niyə?
İngiltərə çempionatını maraqlı edən səbəblərdən biri ordakı hakimlərdir. Məhz cəsarətli, həm də mübahisəyə yol açan qərarların matçdan bir neçə gün sonra da xeyli müzakirə olunması, çempionatı, oyunu daha da populyarlaşdırır və bundan futbol qazanır. Bir hadisədə şou baş verməlidir ki, həmin hadisə diqqəti cəlb etsin.
Vüqar Həsənlinin haqqında danışdığımız oyunda etdiyi idarəçilikdən Azərbaycan futbolu qazandı. Fikir verin, bu oyun və qərarlar xeyli müzakirə olundu, bir çox adamın diqqəti bura yönəldi, bir sözlə, əməlli-başlı reklam oldu.
Həsənlinin daha əvvəl idarə etdiyi bəzi oyunları xatırlayıram və deyə bilərəm ki, xeyli maraqlı hakimdir. Avropada bu tip hakimləri yüksək qiymətləndirirlər. Məhz bu cür, idarə etdiyi oyunlar dramatik alınan hakimlərə diqqət göstərilir. Belə hakimlər istedadlı sayılır və önə çəkilir. Çünki idarəedicilərə məşğul olduqları sahənin reklamı lazımdır ki, həmin sahə üzdə qala bilsin. Yəni bu nöqteyi-nəzərdən, oyundan sonra müzakirə lazımdır ki, bu da sonda futbolun öndə olmasına gətirib çıxarsın.
Məsələn, Türkiyədən olan Cüneyt Çakır bu tip hakimlərdəndir. Türkiyədə onu çox da bəyənmirlər. Çakırı üzdə saxlayan, populyarlığını qoruyan, tez-tez Avropaya dəvət almasıdır. Əks halda, Türkiyənin ümidinə qalsaydı, batıb gedərdi.
Əslində hər sahədə və hər cəmiyyətdə bu cür adamlar var. Sadəcə bəzi cəmiyyətlərdə bu tip adamlar başa düşülmür. Harda başa düşülür, bundan hamı qazanır, harda başa düşülmür, bundan hamı itirir.
Bizi Facebook-da izləyin