Bu ölkədə çempionatın ləğvi səsverməyə çıxarılacaq
Şotlandiyada koronavirus pandemiyasına görə yarımçıq dayandırılan çempionatların taleyi səsvermə yolu ilə müəyyənləşəcək.
Komanda.az xəbər verir ki, bu barədə Şotlandiya Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumata görə, bu ölkənin 2-ci (Çempionşip), 3-cü (League One) və 4-cü (League Two) liqalarının ləğv olunması səsverməyə çıxarılacaq. Səsvermədə sözügedən liqalarda mübarizə aparan 42 klub iştirak edəcək. Həmin klublar mövsümün ləğvinə qərar versələr, çempionatlar dayandırıldığı günə olan vəziyyətə uyğun başa çatmış elan olunacaq. Belə olan halda ilk pillədə qərarlaşmış komanda çempion elan ediləcək.
PFL Şotlandiyanın yüksək liqası ilə də bağlı açıqlama yayıb. Premyer Liqa ilə bağlı ayrı bir toplantı keçiriləcəyi bildirilib. Elita təmsilçiləri də mövsümün ləğvinə razılaşsalar, turnir cədvəlindəki mövcud vəziyyət nəzərə alınacaq. Belə olan halda “Seltik” çempion elan olunacaq. Hazırda bu komanda 80 xalla zirvədə qərarlaşıb.
Bizi Facebook-da izləyin