Bu ölkə DÇ-2034-ə ev sahibliyi etmək üçün namizədlikdən imtina etdi
Avstraliya Futbol Federasiyası bu ölkənin 2034-cü ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün namizəd olmayacağını açıqlayıb.
Komanda.az xəbər verir ki, federasiya bu barədə rəsmi saytında bəyanat yayıb. Bəyanatda belə deyilib:
“Biz futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün ərizə təqdim etmək imkanını araşdırdıq və bütün amilləri nəzərə alaraq, 2034-cü ildə keçiriləcək yarış üçün bunu etməmək qərarına gəldik”.
Bundan əvvəl FİFA Asiya Futbol Konfederasiyası və Okeaniya Futbol Konfederasiyasını 2034-cü ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə dəvət etmişdi. Daha sonra Səudiyyə Ərəbistanı da turnirə ev sahibliyi etmək üçün müraciət edib.
Oktyabrın əvvəlində FİFA 2030-cu ildəki dünya çempionatının üç qitənin altı ölkəsində keçiriləcəyini açıqlamışdı. Turnirin əsas təşkilatçıları İspaniya, Portuqaliya və Mərakeşdir. Ancaq turnirin ilk oyunları Cənubi Amerikada keçiriləcək: matçlara Uruqvay, Argentina və Paraqvay ev sahibliyi edəcək.
Bizi Facebook-da izləyin