“Bu mövsümün çempionu “Neftçi” olmalıdır” razılaşması yoxdursa…
Nəhayət, Azərbaycan Premyer Liqası “qış yuxusu”ndan ayılır. Fevralın 2-3-də keçiriləcək oyunlarla Premyer Liqa qaldığı yerdən davam edəcək. Azərbaycanlı futbolsevərləri “isindirmək” üçün oyun da var – “Qarabağ” – “Neftçi” qarşılaşması. 15-ci turun mərkəzi matçı da elə bu görüş olacaq.
“Zirə” “zirzəmi”dən çıxa biləcək?
Turun ilk oyununda “Zirə” ilə “Sabah” üz-üzə gələcək. Qış hazırlıq dövrünü Antalyada keçirən komandalardan hansının daha yaxşı hazırlaşdığını, hansının “papağını günə verdiyini” elə bu qarşılaşmada biləcəyik. Samir Abasovun komandası bu görüşdə qələbə qazanmaqla, nəhayət, turnir cədvəlinin “zirzəmi”sindən canını qurtara bilər. Amma “Sabah” onlara bu imkanı verəcəkmi?
Hər iki komanda fasilə dövründə heyətinə yeni futbolçular cəlb edib. Xüsusilə, “Sabah”ın “Qarabağ”dan Coşqun Diniyevi, “Qəbələ”dən Təmkin Xəlilzadəni “rənglərinə bağlaması” diqqətçəkən oldu.
Statistika nə deyir?
Əvvəlki qarşılaşmaların hər ikisində “Sabah” qalib gəlib. Premyer Liqanın debütantı hər matçda 2 qol vurub. “Zirə” öz meydanında qol da vurmayıb.
Zirə – Sabah: 2 oyun, 0 məğlubiyyət, 0 heç-heçə, 2 məğlubiyyət, top fərqi 1-4
Güvən verməyən “Səbail”, dəyişməyən “Keşlə”
İlk oyun gününün daha bir qarşılaşması “Keşlə” ilə “Səbail” arasında olacaq. Bu komandalar fasilə dövründə elə də diqqətçəkən transferlər etməyiblər. “Səbail” qış fasiləsinə 3-cü pillədə yollanıb. Amma bu, komandanın gücündən yox, Azərbaycan Premyer Liqasının hansı səviyyədə olduğundan xəbər verir. Aftandil Hacıyevin baş məşqçisi olduğu komanda oyunu ilə qətiyyən güvən vermir. Üstəlik, “Səbail”in topladığı 21 xaldan 5-i rəqiblərinin texniki məğlubiyyət alması hesabına qazanılıb.
Qış fasiləsinə kimi bərbad çıxış edən “Keşlə”də də nələrinsə dəyişdiyinə inanmayın. “Səbail” kimi AFFA-nın cibindən maliyyələşən Keşlə təmsilçisi, fasilə dövründə heyəti gücləndirmək yolunda demək olar ki, heç bir iş görməyib. Əvəzində, komandadan gedən futbolçuların sayı kifayət qədər çoxdur.
Statistika nə deyir?
Son iki oyunda “Səbail” eyni – 2:1 hesablı qələbə qazanıb. “Keşlə” son 4 görüşdə meydanı qolsuz tərk etməyib. Meydan sahibi evdə keçirdiyi əvvəlki üç oyunun hərəsində bir qola sevinib.
Keşlə – Səbail: 6 oyun, 2 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət, top fərqi 5-6
Təmkinsiz “Qəbələ” Peymanlı “Sumqayıt”a qarşı
Azərbaycan Premyer Liqasında yeganə bölgə komandası olan “Qəbələ” bu tur “Sumqayıt”la qarşılaşacaq. İlk üçlüyə düşmək üçün mübarizə aparan “qırmızı-qaralar” fasilə dövründə hücum xəttini gücləndirməyə çalışıb. Belə ki, Sənan Qurbanovun komandası gürcüstanlı Davit Volkovini hücum xəttinə transfer edib. Əvəzində, “Qəbələ” Təmkin Xəlilzadəni itirib. Təmkin bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.
“Sumqayıt” isə qış fasiləsində transfer bazarında xeyli fəal görünən klublardan oldu. “Kimyaçılar”ın xüsusilə, İran klublarından transfer etdiyi iki futbolçusunun – Peyman Babayi ilə Peyman Keşavarzın nəyə qadir olduğunu görmək maraqlı olacaq.
Statistika nə deyir?
“Qəbələ” əvvəlki matçların hamısında rəqib qapısına yol tapıb. “Sumqayıt” son 6 görüşdə qələbə qazanmayıb. “Qəbələ” öz meydanında uduzmayıb.
Qəbələ – Sumqayıt: 26 oyun, 16 qələbə, 8 heç-heçə, 2 məğlubiyyət, top fərqi 46-20
Miçeli, Reynaldonu itirən, Qurbanovu “qazanan” “Qarabağ”
Turun son oyunu çempionluğa namizədləri üz-üzə gətirəcək. Bəri başdan deyək ki, “Qarabağ” “Neftçi”ylə matça iki aparıcı futbolçusu – Miçel və Reynaldosuz çıxacaq. Bu barədə dünən komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
“Köhlən atlar” bu görüşdə qələbə qazanmaqla, turnir cədvəlində “Neftçi”nin təkhakimiyyətliliyinə son qoya bilər. Ağdam təmsilçisi 3 xal qazanacağı halda, “ağ-qaralar”la xallarının sayını bərabərləşdirəcək. Əslində, heyətindəki itkilərə baxmayaraq, “Qarabağ” “Neftçi”ni rahatlıqla məğlub edəcək səviyyədədir. Və ya əksinə, “Neftçi” əzəli rəqibinə istənilən müqaviməti göstərəcək səviyyədə deyil. Qurban Qurbanovun Azərbaycan millisinin “sükanı arxasında” olması “Neftçi”nin Premyer Liqada əl-qol açması üçün əsas amillərdən biri olmuşdu. Artıq Qurbanov yenə bütün diqqətini “Qarabağ”a yönəldib. Bu isə o deməkdir ki, AFFA-nın baş katibi Elxan Məmmədovun nəzarətində olan “Neftçi” üçün ağır günlər qarşıdadır. Təbii ki, “bu mövsümün çempionu “Neftçi” olmalıdır” razılaşması yoxdursa… “Qarabağ” çempionluğu “Neftçi”yə vermək istəməsə, “neftçilər” çempion olacaq gücdə, səviyyədə deyillər!
Statistika nə deyir?
Azərbaycan çempionatlarının daimi iştirakçıları yubiley – 75-ci çempionat oyununda üz-üzə gələcək. Son 4 matçda “Neftçi” məğlub olmayıb. Paytaxt təmsilçisi ardıcıl 3 oyundur qol vurur.
Qarabağ – Neftçi: 74 oyun, 27 qələbə, 27 heç-heçə, 20 məğlubiyyət, top fərqi 78-68
Komanda.az
Bizi Facebook-da izləyin