“Bu, milli komandamızın xeyrinə olan amillərdəndir” – Obradoviç
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç növbəti mövsüm üçün hazırlıqlarını Ankaranın Kızılcahamam bölgəsində davam etdirən “Sumqayıt”ın məşqlərini izləyib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prossesini izləyən baş məşqçi, fikirlərini bildirib:
“Bir neçə gün ərzində Türkiyədə oldum. Ankaranın Kızılcahamam bölgəsində klublarımızın məşqçi heyəti ilə görüşdüm, məşq proseslərini izlədim. Əsas məqsədim U-21 millimizin futbolçularının hazırkı durumunu öyrənmək idi. “Sumqayıt”a gəldikdə isə, bu klubun 2 məşqini meydançadan canlı izlədim. Məni maraqlandıran o idi ki, U-21-in futbolçuları hansı mövqedə özlərini daha yaxşı göstərir. Bu barədə klubun baş məşqçisi ilə də söhbətim oldu. Ümumilikdə, futbolçuların zəif və güclü tərəflərini izləməyə çalışdım. “Sumqayıt” klubu olduqca intensiv və dinamik məşqlər edir, özlərini maksimum şəkildə göstərməyə çalışırdılar.
Burada məni çox sevindirən bir sıra məqamlar oldu. Gənclər daha təcrübəli futbolçulardan nələrisə öyrənməyə çalışırdılar. Bu komandada gənc futbolçuların sayı digərlərinə nisbətən daha çoxdur və gənclərin ilk 11-lik üçün var qüvvə ilə çalışdığını gördüm ki, bu da məni çox sevindirdi. Bütün gənclər dərk edir ki, artıq bura nə U-19 liqası, nə də əvəzedicilərin çempionatıdır. Onlar daha çox öz üzərlərində işləyib, əsas komandanın əsas üzvünə çevrilməyə çalışmalıdırlar.
Baş məşqçi Ayxan Abbasovla fikir mübadiləsi apardım. O da heyətdə yer alan gənclərə inandığını, onların daha səylə çalışdığını bildirdi. Komandanın strategiyası məni çox qane edir. Çünki “Sumqayıt”da gənc futbolçulara daha çox şans verilir. Bu da milli komandamızın xeyrinə olan amillərdəndir”.
Bizi Facebook-da izləyin