“Bu matç “Qarabağ”la oyundan daha önəmli idi” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq. Oyunun ilk dəqiqələrində gözlənilməz qol buraxdıq. Rəqibi oyundan əvvəl təhlil etmişdik. Hesabda geriyə düşdükdən sonra böyük qüvvə ilə irəli atıldıq. Hücumlar qursaq da, fərqlənə bilmirdik. Şükürlər olsun ki, sonda iki qol vurub qalib gəldik. Rəqibin müdafiəsini yarmaq asan deyildi. Çətin məqamda oyunçularım sonda “Turan Tovuz” kimi rəqibə iki qol vuraraq, klub üçün vacib qələbə qazandıq”.
Filipe Paxtman qol vursa da, yenə zədələndi. Son 6-7 dəqiqə qaçmırdı. Bu gün meydana çıxmasının riskli olduğunu həkimlər bizə demişdi. Amma özü də oynamaq istəyirdi. Sonda ona ehtiyac olduğunu hiss etdim. Meydana çıxdı və qolunu da vurdu. Ümid edək ki, zədəsi ciddi deyil. Təkrar zədələnə biləcəyi ilə bağlı, daim qorxu içindədir. Əvvəlki matçlarda aktiv iştirak edib. O, meydanda olanda komandaya xeyir verir, etimadlarımızı doğruldur. Belə məqamda fədakarlıq edib meydana çıxdı, qol vurdu. Paxtman nə qədər ki, sağlamdır, ona hər zaman ehtiyacımız var.
Bizə və “Kəpəz”ə digər komandalarla müqayisədə, daha güclü rəqiblər düşmüşdü. “Turan Tovuz”un ötən mövsüm kubokdakı çıxışını da xatırlayırdıq. Bütün fikrimizi bu oyuna yönəltmişdik. Mənim üçün “Turan Tovuz”la matç “Qarabağ”a qarşı keçiriləcək oyundan daha vacib idi. İndi artıq “Qarabağ”ı fikirləşəcəyik”.
Bizi Facebook-da izləyin