“Bu komandaya qayıtmaq üçün alışıb-yanmıram” – Müsahibə


“Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqolli ölkəsinin mətbuatına müsahibə verib.

Komanda.az xəbər verir ki, təcrübəli müdafiəçi müsahibəsində “Qarabağ” və Albaniya millisi haqda fikirlərini bölüşüb:

– Bu mövsüm qarşınıza hansı şəxsi hədəfləri qoymusuz?

– Hədəflərim “Qarabağ”la bağlıdır. Çempionatda və kubokda qalib olmaq əsas hədəfimizdir. Uzun illər Azərbaycan futbolunda hegemonluq emişik. Bu mövsüm çempionatda güclü rəqabət var. Hazırda “Neftçi”dən bir xal geri qalırıq. Mövsümün sonunda hədəfimizə çatmağa çalışacağıq. Mən də bu il daha yaxşı çıxış etmək, komandama mümkün qədər kömək etmək istəyirəm. 

Son mövsümdə az oynamağınız nə ilə bağlıdır?

– Mövsümün əvvəlində baş məşqçi ilə görüşüm oldu. Həmin vaxt mənə oyunların hamısında oynamayacağımı bildirdi. Çempionat, kubok və avrokubokda yarışdığımızdan, təqvimin sıxlığını nəzərə alaraq, 36 yaşlı birinin təxminən 4-5 ayda 30 matçda iştirakının mümkün olmadığını başa düşmək lazımdır. Yəni hər şey planlı şəkildə oldu. Uzun illərdir Qurban Qurbanovla birlikdəyəm, o, mənim futbolçu kimi inkişafıma birbaşa təsir edib. Ona görə də, onun qərarlarına həmişə hörmətlə yanaşmışam.

Albaniya millisində qalsaydız, daha çox nəyə nail olmaq istərdiz?

– Milli komanda istənilən futbolçu üçün qürur mənbəyidir. Ancaq milli komanda ilə bağlı artıq heç bir hədəfim qalmayıb. Çünki bir albaniyalı futbolçunun yığma komanda ilə qazana biləcəyi maksimum uğura nail olmuşam: Avropa çempionatının final mərhələsi tortun üzərindəki albalı kimi idi.

– Təsəvvür edin ki, telefonunuza milli komandanın baş məşqçisi Kristian Panuççidən mesaj gəlir: “Ansi, hazırlaş”. Cavabınız nə olardı?

– Belə bir şey gözləmirəm. Olsa belə, heç vaxt getmərəm. Ya da baş məşqçiyə hansısa cavab yazmaram.

– Tez-tez “Tirana”ya olan sevginizdən danışırsız. Karyeranızı bu komandada bitirə bilərsiz?

– “Tirana” mənim qəlbimdədir və bu həmişə belə olacaq. Futbol elədir ki, nəyin necə olacağını əvvəlcədən bilmək mümkün deyil. “Tirana”da mümkün olan hər şeyi qazanmışam. Ona görə də, bu komandaya qayıtmaq üçün alışıb-yanmıram.


Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button