Bu komanda “Neftçi” deyil!
Rəşad Ergün
“Neftçi”nin Premyer Liqada beşinci yeri tutması, avrokuboklardan kənarda qalması faciədir. Amma bundan daha böyük faciə komandanın məğlubiyyətlərinin, uğursuzluqlarının adiləşməsidir.
Bizim haqqında eşitdiyimiz, gördüyümüz “Neftçi” bu komanda deyildi. Və ya, bu komanda “Neftçi” deyil.
Əvvəlcə “Qarabağ” “Neftçi”ni keçdi. “Köhlən atlar” “neftçilər”in xeyli sayda azarkeşini əlindən aldı, rekordlarına şərik oldu, onları qırdı, avrokuboklarda arabir keçdiyi bir-iki mərhələ üstünlüyünü, bircə dəfə oynadığı Avropa Liqasının qrup mərhələsi uğurunu silib atdı.
Sonra “Qəbələ” avrokuboklardakı uğurlu çıxışı ilə “Qarabağ”ın “Neftçi”də buraxdığı yaxşı nə varsa, onları almağa başladı ölkənin ən yaşlı, ən qocaman klubundan.
İndi “Neftçi”nin heç quruca adı da qalmayıb. “Neftçi” deyəndə ölkə futbolu adına əzəmətli, böyük komanda canlanmır daha insanın gözü önündə. “Neftçi” deyəndə orta, hətta ortadan da aşağı səviyyəli futbolçularla zəngin “Simqayıt”a, dünən yaranan “Sabah”a məğlub olan komanda gəlir göz önünə.
“Neftçi”ni bu hala kim saldı? Ölkənin ən yaşlı, ən qocaman klubuna bu pisliyi kim və ya kimlər etdi? Bəlkə, əvvəlki rəhbərlər, bəlkə, hazırda klubda əsas söz sahibləri olan icraçı direktor Fərrux Mahmudov, müşavir postunu tutan Kamil Məmmədov və onların “Neftçi”yə sırıdıqları, pərçim etdikləri.
Bir şey dəqiqdir ki, “Neftçi” bir mövsümün, məcazi mənada, bir günün içində yıxılmadı, illər, mövsümlər içində itirdi, yıxıldı.
Dəqiq olan bir şey də var. Klubda bir mövsümdə Premyer Liqa oyunlarında “Qarabağ”a dörd dəfə uduzan, 13 top buraxan, cəmi 1 qol vuran “Neftçi”nin bu məğlubiyyətlərinə alışmış, utanmaq hissini itirmiş insanlar var. Və nə yazıq ki, onların heç istefa mədəniyyəti də yoxdur.
Bizi Facebook-da izləyin