30-cu çempionat: 37 bombardir
Bu həftə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümü start götürəcək.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, bu, 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 30-cu mövsüm olacaq. Yarışın tarixinin ən yaxşı bombardiri aktivində 183 top olan Nazim Əliyevdir. O, izləyicilərini böyük fərqlə qabaqlayır. Müşfiq Hüseynov 125 qolla ikinci, ondan 9 top geri qalan Rövşən Əhmədov üçüncüdür.
Ümumilikdə yalnız 10 futbolçu 100 və ya daha çox qola imza atıb.
50 qol səddini adlayanlar isə daha çoxdur. 37 futbolçu ən azı 50 dəfə fərqlənib. Onlardan yalnız biri qarşıdakı mövsümdə qol sayını artıra bilər. Bu, “Səbail”in forvardı Rauf Əliyevdir. Hücumçunun aktivində 61 top var. Ölkə xaricində legioner həyatı yaşayan Mahir Emreli ondan 2 qol geri qalır.
Ən azı 50 qol vuranlar arasında üç legioner də var. Azərbaycan milli komandasında da oynamış Badri Kvaratsxeliya ən məhsuldar əcnəbidir. Digər gürcüstanlı Georgi Adamiya və nigeriyalı Viktor İqbekoyi də bu cədvələ düşə bilib.
Bizi Facebook-da izləyin