Daha üç komanda ÇL-in 1/8 finalında: “Barselona” mübarizəni dayandırdı

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna yekun vurulmalı idi.

Komanda.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qrupunun qarşılaşmaları keçirilib.

A qrupunda PSJ Fransada “Brügge”ni qəbul edib. “Mançester Siti” isə Almaniyada “Leyptsiq”in qonağı olub. Bu qrupda ilk 2 pillənin sahibi bəlli olduğundan əsas mübarizə 3-cü yer uğrunda gedib. Bundesliqa təmsilçisi qalib gələcəyi halda digər matçın nəticəsindən asılı olmayaraq, Avropa Liqasının pley-offuna vəsiqə əldə edəcəkdi. Belə də olub. PSJ darmadağınla qalib gəlsə də, ikinci pillədə qalıb. “Leyptsiq” isə qalib gəlməklə qrup üçüncüsü olub.

B qrupunda 1/8 finala yüksəlməsi dəqiqləşən “Liverpul” İtaliyada “Milan”la qarşılaşıb. Qrupun digər oyununda “Portu” evdə Madrid “Atletiko”sunu sınağa çəkib. 2-ci sırada yer alan portuqaliyalılar Madrid təmsilçisini məğlub etsə, qrupdan çıxan 2-ci komanda olacaqdı. Lakin “Atletiko” səfərdə inamlı qələbə qazanmaqla ÇL-in pley-offuna vəsiqəni təmin edib. “Milan” isə “Liverpul”a uduzub və qrup sonuncusu olub.

C qrupunda “Beşiktaş” Dortmund “Borussiya”sının qonağı olub. Qonaqlar avrokuboklarda mübarizə dayandırdığından, meydan sahibləri isə Avropa Liqasının pley-offunu təmin etdiklərindən qarşılaşma forma xarakter daşıyırdı. Buna baxmayaraq, almanlar doğma meydanda 5 cavabsız qolla qalib gəliblər. Digər görüşdə isə qrup qalibi olan “Ayaks” “Sportinq”lə münasibətlərinə aydınlıq gətirib və inamlı qələbəyə sevinib.

D qrupunda Madrid “Real”ı doğma meydanda “İnter”lə 1-ci yer uğrunda mübarizə aparıb. Hər iki komanda növbəti mərhələyə vəsiqə qazansa da, İspaniya nəhəngi qalib gəlməklə birinci olub. Qrupun digər oyununda isə Avropa Liqasının pley-offunda iştirakı rəsmiləşən Moldova “Şerif”i qrup sonuncusu olması dəqiqləşən Donetsk “Şaxtyor”un qonağı olub. Bu oyunda qalib müəyyənləşməyib.

Növbəti mərhələyə vəsiqəni təmin etmiş “Bayern” ikinci yer uğrunda mübarizə aparan “Barselona”nı qəbul edib. Qrupun digər oyununda “Benfika” Portuqaliyada heç bir iddiası qalmayan Kiyev “Dinamo”sunu sınağa çəkib. Lissabon təmsilçisi bu görüşdə xal itirərsə, kataloniyalılar öz oyununun nəticəsindən asılı olmayaraq mərhələ adlayacaqdılar. Xallar bərabər olacağı halda isə “Benfika” 1/8 finala, “Barselona” isə Avropa Liqasına yollanacaqdı. Amma İspaniya nəhənginin səfərdə darmadağına üzüldüyü gündə Portuqaliya klubu inamlı qələbəyə sevinib. Beləcə, “Benfika” qrup ikincisi olduğu halda, “Barselona” ÇL-lə vidalaşmaq məcburiyyətində qalıb.

F qrupunda 1/8 finala çıxması dəqiqləşən “Mançester Yunayted” “Yanq Boyz”la qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib. “Vilyarreal” isə İtaliyada “Atalanta” ilə münasibətlərinə aydınlıq gətirməli olsa da, bu görüş güclü qar yağışı ucbatından təxirə salınıb.

G qrupunda “Sevilya” Avstriyada “Zalsburq”la, “Lill” isə Almaniyada “Volfsburq”la üz-üzə gəlib. 4 komandanın hər birinin növbəti mərhələ şansları qaldığından bütün suallara bu turda aydınlıq gəlib. Almaniya və İspaniya təmsilçiləri yalnız qələbə sayəsində 1/8 finala yüksələ bilərdilər. Avstriya və Fransa klublarını isə heç-heçə də qane edirdi. “Zalsburq” evdə, “Lill” isə səfərdə qələbə qazanıb. Bu nəticələrdən sonra Fransa çempionu qrup birincisi olubsa, Avstriya təmsilçisi ikinci yerlə 1/8 finala yüksəlib.

H qrupunda “Yuventus” “Malmö”nü, “Çelsi” isə “Zenit”i sınağa çəkib. Burada həm 1/8 finalın, həm də Avropa Liqasının pley-off mərhələsinin iştirakçıları bəlli olduğundan əsas mübarizə qrup liderliyi uğrunda gedib. “Çelsi”nin xal itirdiyi gündə qələbə qazanan “Yuventus” qrup mərhələsini birinci yerdə başa vurub.

UEFA Çempionlar Liqası, qrup mərhələsi, 6-cı tur

7 dekabr

A qrupu

Leyptsiq (Almaniya) – Mançester Siti (İngiltərə) 2:1
Qol
: Soboslai, 24. A.Silva, 71 – Mahrez, 77.

PSJ (Fransa) – Brügge (Belçika) 4:1
Qol
: Mbappe, 2; 7. Messi, 38; 76-pen – Rits, 68.

B qrupu

Milan (İtaliya) – Liverpul (İngiltərə) 1:2
Qol
: Tomori, 29 – Salah, 36. Oriqi, 55.

Portu (Portuqaliya) – Atletiko (İspaniya) 1:3
Qol
: S.Oliveyra, 90+5-pen – Qrizmann, 56. Korrea, 90. De Paul, 90+2.

C qrupu

Borussiya (Dortmund, Almaniya) – Beşiktaş (Türkiyə) 5:0
Qol
: Malen, 29. Roys, 45+2-pen; 53. Haland, 68; 81.

Ayaks (Niderland) – Sportinq (Portuqaliya) 4:2
Qol
: Haller, 8-pen. Antoni, 42. Neres, 58. Berqeys, 62 – Santos, 22. Tabata, 78.

D qrupu

Real (İspaniya) – İnter (İtaliya) 2:0
Qol
: Kroos, 17. Asensio, 79.

Şaxtyor (Donetsk, Ukrayna) – Şerif (Moldova) 1:1
Qol
: Fernando, 42 – Nikolov, 90+3.

8 dekabr

H qrupu

Zenit (Rusiya) – Çelsi (İngiltərə) 3:3
Qol
: Klaudinyo, 38. Azmun, 41. Yeroxin, 90+4 – Verner, 2; 85. Lukaku, 62.

Yuventus (İtaliya) – Malmö (İsveç) 1:0
Qol
: M.Kin, 18.

E qrupu

Bayern (Almaniya) – Barselona (İspaniya) 3:0
Qol
: Müller, 34. Sane, 43. Musiala, 62.

Benfika (Portuqaliya) – Dinamo (Kiyev, Ukrayna) 2:0
Qol
: Yaremçuk, 16. Jilberto, 22.

F qrupu

Mançester Yunayted (İngiltərə) – Yanq Boyz (İsveçrə) 1:1
Qol
: Qrinvud, 9 – Rider, 42.

Atalanta (İtaliya) – Vilyarreal (İspaniya) matçı təxirə salınıb

G qrupu

Zalsburq (Avstriya) – Sevilya (İspaniya) 1:0
Qol
: Okafor, 50.

Volfsburq (Almaniya) – Lill (Fransa) 1:3
Qol
: Şteffen, 89 – B.Yılmaz, 11. David, 72. Qomes, 78.

Bombardir: Sebastyan Haller (“Ayaks”, Niderland), Robert Levandovski (“Bayern”, Almaniya) – 9 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button